YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh anlaşmasının imzalanması qaçılmazdır

“Cənubi Qafqaz regionunun lideri olan Azərbaycan beynəlxalq müstəvidə əlaqələrini gücləndirməkdə davam edir. Ölkəmiz bu istiqamətdə uğurlu xarici siyasət həyata keçirir. Ötən dövr ərzində dünyanın bir çox dövlətləri ilə münasibətlərin inkişafı yönündə mühüm nəticələr əldə edilib. Azərbaycan-Litva əlaqələrinin inkişafı da bu baxımdan böyük əhəmiyyət kəsb edir. Mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri də qarşılıqlı əlaqələrin dinamik inkişafının təzahürüdür”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycanla Litva arasında bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, turizm, mədəniyyət, təhsil sahəsində əməkdaşlıq əlaqələri dinamik olaraq inkişaf etməkdədir. İkitərəfli münasibətlərdə hüquqi baza formalaşıb, bir sıra mühüm sənədlər imzalanıb. Davamlı olaraq hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını nümayiş etdirir və bu istiqamətdə fəallıq nəzərəçarpacaq dərəcədə yüksəkdir. Dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər bu əlaqələri daha da möhkəmləndirir. Məlumdur ki, ötən ilin may ayında Litva Prezidenti Gitanas Nauseda ölkəmizə rəsmi səfər etmişdi.

Deputatın sözlərinə görə, Vilnüsdə prezidentlərin mətbuata birgə bəyanatları zamanı dövlətimizin başçısı regionumuzda mövcud vəziyyət, Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüsləri haqqında da fikirlərini bildirib. Azərbaycan Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanı kimi görmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün yeni imkanlar yaranıb. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda sülhün və əməkdaşlığın qurulmasına maraqlı görünmür. Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Cənab Prezidentin dediyi kimi, “sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir”. Dövlətimizin başçısı həmçinin Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq barədə fikirlərini bölüşüb. Vurğulanıb ki, Litva və Azərbaycan strateji tərəfdaşlar kimi uğurla bir-biri ilə əməkdaşlıq edir. Gitanas Nauseda isə deyib ki, bu səfər Azərbaycan ilə Litva arasında əməkdaşlıq münasibətlərinə yeni müsbət dinamika əlavə edəcək.

“Səfər çərçivəsində Azərbaycan-Litva biznes forumu da keçirilib. Prezident İlham Əliyev biznes forumundakı çıxışında bildirdi ki, Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Bütün bunlar bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın strateji çərçivəsinin bir hissəsidir. Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Beləliklə, biz Xəzər və Baltik regionları arasında şəbəkənin qurulması mümkündür. Çünki biz Avropanın enerji xəritəsinə nəzər salsaq, o, əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır. Eləcə də, dünyada baş verən geosiyasi proseslər də əməkdaşlığın gücləndirilməsini zəruri edir. Bu gün Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır. Avropa İttifaqının üzvü kimi Litva ilə də ikitərəfli güclü siyasi münasibətləri nəzərə alaraq, demək olar ki, ölkələrimiz uzun illərdir ki, artıq strateji tərəfdaşdırlar. Azərbaycan  Prezidentinin bu ölkəyə rəsmi səfəri çərçivəsində aparılan müzakirələr və imzalanan sənədlər qarşılıqlı əlaqələrin inkişafına güclü təkan verəcək”,-deyə S.Fətəliyeva vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv