YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətənə sevgi, dövlətçiliyə sədaqət nümunəsi

Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş tədbir keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin  qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın 23-də YAP Xətai rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin çox sevdiyi “Azərbaycan” şeiri  ifa edilib,  dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən film nümayiş olunub.

Çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirildiyini, Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə geniş təhlillər aparılaraq gənc nəslə çatdırıldığını bildirib. Vurğulayıb ki, Azərbaycanın bugününü dünəni ilə müqayisə etdikdə Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin miqyası, müasir dövrümüz və gələcəyimiz üçün hazırlanmış inkişaf strategiyasının əsl mahiyyəti daha aydın görünür.

“Ulu Öndər Heydər Əliyevin əbədiyaşar, zəngin irsi Azərbaycan xalqının milli sərvətidir”,- söyləyən V.Rəhimzadə qeyd edib ki, dahi şəxsiyyət xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə sədaqəti ilə örnək olan fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafını təmin edən təkmil irs, siyasi məktəb miras qoyub. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisidir. Son 20 ilə yaxın dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev möhkəm təmələ söykənərək xalqımıza Zəfər sevincini yaşadıb.

Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev vurğulayıb ki, Heydər Əliyev Azərbaycanın bugünü və gələcəyi üçün möhkəm təməl yaradıb. Məhz bu möhkəm təməl üzərində ucalan müasir Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir. Azərbaycanın dünyaya Günəş kimi doğması Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri idi. Qısa zamanda bu istəyini reallığa çevirən  dahi şəxsiyyət dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyini təmin etməklə yeganə problemimiz olan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına, erməni yalanlarının ifşasına nail oldu. Ümummilli Lider hər kəsə Vətəni sevməyi öyrətdi. Onun “Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır” çağırışı harada yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarını bir amal ətrafında sıx birləşdirib. Məhz bu birlik 44 günlük İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi Zəfərimizdə öz sözünü deyib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin bildirib ki, Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyət idi. Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində respublikamız çox qısa müddətdə postsovet məkanında iqtisadi baxımdan qabaqcıl mövqelərə çıxdı. Bu gün Ümummilli Liderin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan möhtəşəm uğurlar qazanır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvü Səməd Seyidov Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasından, Azərbaycanın dünyada söz sahibinə çevrilməsindən Bildirib ki, bu gün ən yüksək zirvələri fəth edən Azərbaycan tarixi Zəfəri ilə yaratdığı reallıqlar əsasında regionda və dünya siyasətində yeniliklərə imza atır.

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov qeyd edib ki, Heydər Əliyevin siyasətində çoxistiqamətlilik xüsusi yer tutub. Əsas prioritetlərin düzgün müəyyənləşdirilməsi Azərbaycanın bugünkü uğurlarının əsasıdır. Dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayırıq. Neft kapitalının insan kapitalına çevrilməsi reallıqdır.

 Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tarixinin Zəfər səhifəsini yazmasından bəhs edib.

Ulu Öndər Heydər Əliyevin fotoqrafı Rafiq Bağırov Ümummilli Lider ilə bağlı xatirələrini bölüşüb.

Vətən Müharibəsi Qəhrəmanı, Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan Anar Mirzəyev dahi şəxsiyyətin yaratdığı partiyada təmsil olunmağın onun üçün böyük qürur olduğunu bildirib. Xüsusi vurğulayıb ki, dünyaya səs salan tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir.

Tədbirdə Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunan inşa-yazı və idmanın müxtəlif növləri üzrə keçirilən müsabiqələrin qalibləri mükafatlandırılıb.

YAP Xətai rayon təşkilatının həyatında səmərəli fəaliyyət göstərən bir qrup  üzvə Fəxri fərman və təşəkkürnamə, partiya sıralarına yeni daxil olanlara isə üzvlük vəsiqəsi təqdim edilib.

Tədbir bədii proqramla başa çatıb.