YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ƏƏSMN-nin sifarişi ilə Tərtər rayonunda inşa olunmuş 54 mənzilli yaşayış evi Qarabağ əlilləri və şəhid ailələrinin istifadəsinə verilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Tərtər rayonunda inşa olunmuş 6 mərtəbəli 54 mənzilli yaşayış evi ölkəmizin ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilib.

Mənzillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbir iştirakçılarını 15 İyun-Azərbaycan xalqının Milli Qurtuluş günü münasibəti ilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

S.Müslümov Ulu öndər Heydər Əliyevin sosial inkişaf kursunun 2003-cü ildən Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, sosial təminat sisteminin bütün sahələrində olduğu kimi,  müharibə əlillərinin və şəhid ailələrinin yeni mənzillərlə təminatında da mühüm addımların atıldığını vurğulayıb: “Ötən il ölkəmizin müxtəlif bölgələrində yeni yaşayış evləri istifadəyə verilməklə, 174 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunub. Cənab Prezidentin  2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən,  2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsinin  2014-2018-ci illərdə mənzillə təmin edilməsi nəzərdə tutulur. Sərəncamın icrası işləri uğurla yerinə yetirilir. Hazırda müharibə əlilləri və şəhid ailələri üçün Bakıda 12 mərtəbəli 96 mənzilli, İmişli və Beyləqan rayonlarında hər biri 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda  4 mərtəbəli 36 mənzilli yaşayış binaları, eyni zamanda respublikanın bölgələrində 379 ədəd fərdi ev inşa olunur. Bundan əlavə Bakı şəhərində 164, Sumqayıtda 6, Gəncədə 6, Mingəçevirdə 3 ədəd hazır binalarda mənzillər alınmışdır, onlarda təmir işləri aparılır və bu il təhvil veriləcəkdir”. S.Müslümov yeni mənzillə təmin olunan əlil və şəhid ailələrini bu münasibətlə təbrik edib, onlara bu mənzillərdə xoşbəxt və firavan həyat sürməyi, vətənimiz, dövlətimiz üçün layiqli övladlar böyütməyi arzulayıb.

Sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasına Prezident qayğısından razılıqla söz açan əlil və şəhid ailələri Milli Qurtuluş günündə təqdim olunan bu yeni mənzillərin onların bayram sevincini ikiqat artırdığını vurğulayıb, bu böyük diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.