YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Həsənov: Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll edilməməsi böyük ədalətsizlikdir

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyunun 14-də ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andre (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və məcburi köçkünlərin vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Əli Həsənov deyib ki, 30 il bundan əvvəl dünyada qaçqınların, köçkünlərin sayı 20-25 milyon arasında idi və 30 ölkəni əhatə edirdi. Bu gün onların sayı 60 milyondan çoxdur və 74 ölkəni əhatə edir. Son 30-40 ilə nəzər salsaq görərik ki, yaranan münaqişələrdən bir neçəsi həllini tapıb, lakin onlar da tam həll olunmayıb. Münaqişələrin sayı ildən-ilə artır. Təbii ki, belə olan halda qaçqınların da sayı artır. Belə çıxır ki, böyük dövlətlər dünyanı rahat idarə etmək və öz siyasi maraqlarını təmin etmək üçün münaqişələrin yaranma mexanizmindən məharətlə istifadə edirlər. Əli Həsənov deyib: “Mən Minsk qrupunun həmsədr dövlətləri barədə mütəmadi olaraq müəyyən tənqidi fikirlər söyləyirəm. Bunun səbəbi nədir? Mən nəzəriyyəyə əsasən fikir bildirmirəm, gözümüzün qarşısında baş verənləri deyirəm. Əslində münaqişənin 200 illik tarixi var. Bu, sovet dövründə də davam edib. Bunu kulminasiya nöqtəsinə də sovet dövləti çatdırıb. Bu da 1988-ci ildə Sumqayıt hadisələri zamanı baş verdi. O vaxt mən Sumqayıtın rəhbər işçilərindən biri idim və bu proses mənim gözümün qarşısında olub”.

“Dünyada elə bir təşkilat qalmayıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul etməsin”, - deyən Əli Həsənov buna baxmayaraq problemin indiyədək həll edilmədiyini vurğulayıb və bunun böyük ədalətsizlik olduğunu diqqətə çatdırıb.

Baş nazirin müavini deyib ki, artıq bir neçə ildir Azərbaycan Prezidenti 5 strateji vəzifə müəyyənləşdirib: yoxsulluğun həddinin minimuma endirilməsi. Bu rəqəm artıq 5 faiz həddindədir. Neft amilindən asılılığın azaldılması da bu vəzifələr sırasındadır. Nəticələr göz qabağındadır: BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Nəhayət, insan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması da diqqət mərkəzində olan vəzifələrdəndir. Biz qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində təmiz, şəffaf, korrupsiyasız işləməklə nümunə göstərə bildik. Çünki o illərdə bu sahədə yığılıb qalan problemlər həddindən artıq çox idi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar barədə qonaqlara ətraflı məlumat verən Əli Həsənov bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaradır. Onlar üçün 90 qəsəbə salınıb və indiyədək həmin qəsəbələrə 240 min qaçqın və məcburi köçkün köçürülüb və bu proses davam edir. Son 5-6 ildir Azərbaycan dövləti hər il qaçqın və məcburi köçkünlər üçün 700 milyon dollar vəsait sərf edir. Son 20 ildə onların sosial problemlərinin həlli məqsədilə 6 milyard dollar vəsait sərf olunub. Bu gün dünyanın bütün münaqişə zonalarında 1 qaçqına 1 ildə sərf olunan ən yüksək vəsait Azərbaycandadır. Ona görə də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 2012-ci ildə Azərbaycanı öz İcraiyyə Komitəsinə üzv seçib və biz onun bütün sessiyalarında səsvermə yolu ilə iştirak edirik. Ali komissar Antonio Quterreş bütün tədbirlərdə Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlər üçün gördüyü işləri dünyaya nümunə kimi göstərir.

Rusiyalı həmsədr İqor Popov səfər zamanı məcburi köçkünlərlə görüşdüklərini, söhbət etdiklərini, onların həyat şəraiti ilə tanış olduqlarını bildirib.

Amerikalı həmsədr Ceyms Uorlik məcburi köçkünlərə yaxşı şəraitin yaradıldığına görə Azərbaycan hökumətinə təşəkkür edib.

Fransalı həmsədr də məcburi köçkünlərlə görüşün onlarda yaratdığı təəssürat barədə danışıb.

Görüşün sonunda qonaqlara “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.