YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəflərə nail olmaq üçün lazımi addımlar atılır

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Aprelin 25-də Sofiyada “Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın  FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycanın SOCAR şirkəti  arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu” imzalandı. İmzanama mərasimində Azərbayacan Respublikasının Preziddenti İlham Əliyev iştirak edib.

Anlaşma Memorandumu həm Azərbaycan Respublikası, həm də sənədi imzalayan şirkətlərin təmsil etdiyi ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Bu sənəd Azərbaycan qazının Avropa bazarına çıxarılması işinin şaxələndirilməsinə xidmət etməklə yanaşı, həmin dörd şirkətin təmsil etdiyi ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm addımdır. Xüsusi ilə qeyd etmək lazımdır ki, Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaradıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq bildirdi ki, Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır: “İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq”.

Bir məqama diqqət yetirmək lazımdır ki, Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox böyük gələcəyi var. Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini daha da möhkəmləndirir. Ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Memorandum əsasında Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır.

Bu gün Azərbaycan Aİ ilə müxtəlif sahələr üzrə  geniş əməkdaşlıq əlaqələrinə malikdir. Artıq dünyanın potensial qaz ixracatçısına çevrilən Azərbaycan regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, XXI əsrin əsas qaz təchizatçısı kimi diqqəti özünə daha çox cəlb edir.  Azərbaycan bu gün Avropa üçün yeganə yeni enerji mənbəyidir. Azərbaycan enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə mehriban dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. XX əsrdə reallaşan “Əsrin müqaviləsi”ndən sonra XXI əsrdə davam etdirilən bu layihələr Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan aktorlardan birinə çevirməklə ölkəmizin dünyadakı nüfuzunun və əhəmiyyətinin artmasına şərait yaradır. 

Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən ölkəmiz Macarıstana və Slovakiyaya qaz təchizatına başlayacaq. 

Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları davam etdirməkdə maraqlıdır. Neft meqalayihələrindən və hazırda reallaşdırılan qaz layihələrindən sonra yaşıl enerji layihəsini gerçəkləşdirməyi hədəfləyib. Bütün bunlarla yanaşı, böyük gücə malik ötürmə xətlərinə ev sahibliyi etməsi ölkəmizin xeyrinə tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, Avrasiyanın enerji xəritəsi yenidən cızılır, Azərbaycan isə bu xəritədə əsas söz sahibidir.