YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcək üçün yol xəritəsi

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Avropa dövlətləri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətində əsas yer tutur. Son iki ildə enerji sektorunda atılan addımlara diqqət yetirmək kifayətdir. Ötən il Azərbaycanla Avropa İttifaqı arasında Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Bu, mühüm sənəd ölkəmizlə Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələrin hazırkı səviyyəsinə aydınlıq gətirdi. Aprelin 25-də dövlət başçıı İlham Əliyevin Bolqarıstana işgüzar səfəri çərçivəsində Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirildi. Dövlət başçısı İlham Əliyev bu mühüm addımın əhəmiyyətinin belə səciyyələndirdi ki, enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində vaxtında atılan çox mühüm addımdır: “Altı ay əvvəl mən Bolqarıstana rəsmi səfər etdim. Beləliklə, altı ay keçdikdən sonra yenə buradayam. Həmin vaxt, biz Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya mərasimində iştirak etdik. Bu layihə Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir. Bir ay əvvəl Prezident Radev Azərbaycanda bizim qonağımız oldu. Bu, həqiqətən ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini göstərir. O, siyasi dialoqun dinamikasını nümayiş etdirir və göstərir ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir.”

Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman mərasimdəki çıxışında Azərbaycanla əməkdaşlığın önəmini xüsusi qeyd etdi. Vurğuladı ki,  Anlaşma Memorandumunu imzalamaqla aydın siyasi mesaj göndəririk. Bu mesaj ondan ibarətdir ki, Avropaya təbii qazın idxalı üçün yeni dəhliz yaratmağa, tərəfdaşımız olan Azərbaycanla əməkdaşlıq etməyə və qaz təchizatının ümumi şaxələnməsinə töhfə verməyə hazırıq. Slovakiya Azərbaycandan əlavə qaz təchizatını təmin etmək üçün regionumuzdakı qazötürücü sistemi operatorlarının mövcud infrastrukturdan istifadə edilməsi və onun müasirləşdirilməsi çağırışını alqışlamışdır. Bu mühüm məqam da diqqətə çatdırılmışdır ki, Slovakiya  Azərbaycandan Mərkəzi və Şərqi Avropaya yeni dəhlizin yaradılması ilə bağlı təşəbbüsün reallaşdırılmasına və SOCAR ilə əməkdaşlığa dəstəyini ifadə edir: “Mən İttifaqın dağılmasından sonra neft hasilatı üzrə Azərbaycanın yeni neft layihələrini xatırlayıram. Mən Azərbaycanın nəhəng neft-qaz layihələrinin reallaşmasında cənab Prezident Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırlayıram. İnanıram ki, biz indi qaz idxalı sahəsində ölkələrimizin Azərbaycanla əməkdaşlığının yeni fəslinə start verəcəyik. Çünki Azərbaycan və SOCAR enerji təchizi üçün uzunmüddətli, etibarlı və dürüst tərəfdaşdır. Hesab edirəm ki, növbəti onillikdə biz yaxşı tərəfdaş olacağıq və birlikdə ölkələrimizin Azərbaycanla əməkdaşlığının yeni erasını yaradacağıq.”

İmzalanan növbəti Memorandum gələcək üçün bir növ yol xəritəsidir.  Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Bu mühüm addım Azərbaycan-Bolqarıstan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəsi kimi dəyərləndirilir.

Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası dünyanın enerji xəritəsinə yeni əlavələr gətirir.  Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzlədikcə dünyanın enerji xəritəsi yenidən çızılır. Bu, ölkəmizin etibarlı tərəfdaşkimi artan rolunun, onun iştirakı olmadan regionda hansısa iqtisadi layihənin həyata keçirilməsinin mümkünsüzlüyünün təsdiqidir. Hazırda enerji təhlükəsizliyi məsələsi əvvəlki dövrlərdən daha artıq önəm kəsb edir. Azərbaycanın bu istiqamətdə rolu yüksək dəyərləndirilir.  Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan ölkə olduğu Avropa İttifaqı rəsmiləri tərəfindən daim etiraf edilir.