YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Artan nüfuz göz önündədir

Varis Rüstəmov

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri

Cari ilin aprel ayının 25-də Bolqarıstanın paytaxtı Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Rumıniya Respublikası, Macarıstan Respublikası və Slovakiya Respublikası arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzaladılar.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Ölkə başçısı imzalanmış Anlaşma Memorandumunun icrasının Avropada enerji təhlükəsizliyinin gücləndirməsinə və Azərbaycanın Avropa ölkəsinə daha çox qazı ixrac etməsinə şərait yaradacağını diqqətə çatdırıb. Cənab Prezident Azərbaycanın Avropanın müxtəlif sahələrdə etibarlı tərəfdaşı olduğunu, Avropa İttifaqının 9 üzv dövləti ilə “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atdığını bildirib: “Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq”.

Bu gün dünyanın enerji təchizatında ciddi böhran və enerji təhlükəsizliyi ilə bağlı böyük risklərlə üzləşdiyi bir zamanda xüsusən Rusiya – Ukrayna müharibəsi fonunda Avropada enerji böhranının yaşandığı dövrdə Azərbaycanın Avropa üçün əhəmiyyəti daha da artmaqdadır. Azərbaycan Rusiya – Ukrayna münaqişəsi başladıqdan sonra Avropa İttifaqına daxil olan dövlətlərə mavi qaz ixracatını ən çox artıran ölkədir bu əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Sofiyada imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcəkdir və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaqdır. Azərbaycan Avropanın nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.

Həmçinin, cənab İlham Əliyevin enerji diplomatiyası tək Azərbaycanın deyil, Mərkəzi Asiyanın enerji daşıyıcılarını da Avropaya çatdırılmasının real üsuludur. Artıq Qazaxıstan ildə 1,5 milyon ton neftin Xəzər dənizi üzərindən Bakı-Tiflis-Ceyhan kəməri ilə nəqlinə başlayıb. Türkmənistan qazının Trans Xəzər Boru xətti ilə Avropaya nəqli də məhz Azərbaycanın infrastrukturları hesabına və şəxsən Prezident İlham Əliyevin sayəsində Avropanın strateji layihələri sırasına daxil edilib. Bunun da yaxın gələcəkdə reallığa çevriləcəyi şübhəsizdir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan enerji sahəsində etibarlı tərəfdaş kimi bütün hədəflərə nail olmaq üçün lazımi addımları atmışdır və yaxın gələcəkdə də lazımı işlər görməyi nəzərdə tutmuşdur. Belə ki, üç əsas enerji infrastrukturu layihəsinin uğurla başa çatdırılmasından sonra, hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışmalar həyata keçirilir. Çünki ilkin hesablamalar göstərir ki, Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Xəzər dənizinin Azərbaycan sektorunda isə daha 157 qiqavat enerji potensialı vardır. Ölkəmizin həyata keçirdiyi enerji diplomatiyası neft meqalayihələrindən tutmuş, qaz, habelə yaşıl hidrogenə qədər layihələri əhatə edir ki, bu da əlavə güclü ötürmə xətlərinin olmasına, tamamilə yeni vəziyyət yaranmasına və Avrasiyanın enerji xəritəsinin yenidən cızılmasına gətirib çıxaracaqdır.