YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurun nümunəsi

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Dünyanın enerji təhlükəsizliyinin təminatından bəhs edərkən ilk olaraq Azərbaycanın rolu önə çəkilir. Bu, ondan irəli gəlir ki, ölkəmiz malik olduğu enerji resurslarından səmərəli istifadə etməklə reallığa çevirdiyi enerji layihələri ilə dövlətləri, xalqları bir araya gətirir, dünyaya əməkdaşlıq, dostluq mesajlarını çatdırır.  Əməkdaşlığın regional çərçivədən başlayaraq illər keçdikcə coğrafiyasının genişlənməsi də bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyevin aprelin  25-də Bolqarıstana işğüzar səfəri çərçivəsində Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində  bir daha bildirildi ki,  bu mühüm addım layihədə iştirak edən ölkələr arasında uğurlu və sıx əməkdaşlığın qurulmasının göstəricisidir. Bu gün dünyanın enerji təchizatında ciddi böhran və enerji təhlükəsizliyi üçün böyük risklərlə üzləşdiyi bir zamanda bu əməkdaşlıq xüsusilə mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev “Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcəyik. Mən “ən azı” ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq. Tərəfdaşlardan ibarət güclü komandanı yaratmaq kimi bu təşəbbüsdə Bolqarıstan Prezidenti cənab Radevin xüsusi rolunu qeyd etmək istərdim. Əminəm ki, “Həmrəylik Halqası” birgə geniş planlarımızın icrasında mühüm rol oynayacaq” fikirləri ilə əməkdaşlığın coğrafiyasının genişləndirilməsinin prioritet olduğunu açıqladı.

Təbii ki, yeni tərəfdaşların, dostların qazanılması, eyni zamanda, yeni layihələrin gündəmə gətirilməsini də şərtləndirir. Azərbaycan hər bir layihənin uğurla başa çatmasında maraqlıdır, bütün iştirakçı ölkələrin maraqlarının nəzərə alınması əsas diqqət göstərilən məsələlərdəndir. Bu baxımdan Bolqarıstan Prezidenti Rumen Radev təşəbbüsün hansı səbəbdən “Həmrəylik Halqası” adlandırıldığını əsaslandırarkən bildirmişdir ki, tərəfdaşlarımızın etibarlı qaz təchizatına ehtiyacı olduğu bir zamanda, həmrəylik və əməkdaşlıq təməldir: “Çünki Ukraynadakı müharibə bizi mehriban qonşuluq, həmrəylik və əməkdaşlıq anlayışlarının yeni ölçülərini axtarmağa vadar etdi. Bu, əsasən beynəlxalq logistika xəritəsinə dəyişikliklər etmək imkanına malik olmaq üçün bizdən yeni həllər, yeni marşrut və təchizat axtarmağı tələb edir. Bu təşəbbüs bu istiqamətdə uğurun nümunəsidir. Aydındır ki, bugünkü Memorandumun imzalanması bizim aramızda yeni əməkdaşlıq üçün çox güclü siqnaldır. Bu, ölkələrimizin qaz təchizatı şəbəkələrinin həcmini, həmçinin aramızdakı qarşılıqlı əlaqəni genişləndirəcək.”

Bu təşəbbüs, həmçinin iştirakçı dövlətlərin yeni layihələr barədə danışıqlarına yol açdı. Artıq gələcəyin enerjisi – yaşıl hidrogenin nəqli barədə müzakirələrə başlanılıb. Dövlət başçısı İlham Əliyev son zamanlar çıxışlarında bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasının əsas çağırış olduğunu önə çəkərək Azərbaycanın bu sahədə böyük potensiala malik olduğunu rəqəmlər əsasında qeyd edir. Cənab İlham Əliyev yeni Anlaşma Memorandumunun imzalanması mərasimində də “Hazırda biz Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışırıq” söyləyərək bildirdi ki, Azərbaycan 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı məqsədilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələri və Anlaşma Memorandumlarını imzalayıb. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Bu həcmə Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat da aiddir. Əlbəttə ki, yaşıl enerjinin əsas ixrac istiqaməti Avropadır.

Atılan hər bir addım Avropanın ölkəmizə marağını ifadə edir. Azərbaycana inamın və etimadın əsasında, etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində  Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti əsas rol oynayır. Cənab İlham Əliyev böyük inamla qeyd edir ki, Avrasiyanın enerji xəritəsini yenidən cızırıq.