YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Həmrəylik Halqası” birgə geniş planlarımızın icrasında mühüm rol oynayacaq

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Qədim ənənələrə malik Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafı üçün geniş imkanlar yaranıb. Son iki ildə iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri, gələcəklə bağlı hədəfləri möhkəm təmələ əsaslanır.

Bugünümüzün reallıqlarını düzgün dəyərləndirmək üçün ötən dövrə nəzər salmaq bir tələb kimi qarşıya qoyulur. Azərbaycanın xarici siyasətində ikitərəfli əlaqələrə xüsusi önəm verilməsi Ulu Öndər Heydər Əliyevin müstəqillik yolunda ilk addımlarını atan hər bir dövlətin qarşısında dayanan çağırışlarına əsaslanır. Azərbaycanın xarici siyasət uğurlarının biri-birini əvəzləməsi Ümummilli Liderin uğurlu və gələcəyə hesablanmış siyasətinin nəticəsidir. Azərbaycan-Bolqarıstan əlaqələrinin bugünkü inkişaf səviyyəsinə gəlib çatmasında dahi şəxsiyyətin rolu böyükdür. Belə ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev Bolqarıstan Prezidenti Jelyu Jelevin dəvəti ilə Sofiyaya rəsmi səfər edib. Həmin səfər zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb. İki dövlət arasında əlaqələrə müsbət təkan vermiş bu səfərdən sonra Azərbaycan-Bolqarıstan münasibətləri yüksələn xətlə inkişaf edib. Sonralar isə ali və yüksək səviyyələrdə çoxsaylı qarşılıqlı səfərlər baş tutub. İndiyədək iki ölkə arasında 65 sənəd imzalanıb. 1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb. Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə keyfiyyətcə daha yeni mərhələyə yüksəlib. Bolqarıstan Azərbaycanla əlaqələrinin inkişafına səy göstərməklə yanaşı, Avropa İttifaqı ilə də əməkdaşlığın dərinləşməsinə öz töhfələrini verir. Bu əməkdaşlıqda enerji amili xüsusi əhəmiyyət kəsb edir.

2022-ci ildə Bolqarıstan Azərbaycanın 28-ci xarici ticarət tərəfdaşı olub.  Dövlət başçısı İlham Əliyevin aprelin 25-də Bolqarıstana işgüzar səfəri zamanı Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində Bolqarıstan Prezidenti Rumen Radev bu məqama xüsusi diqqət çəkdi. “Bugünkü uğur əhəmiyyətli dərəcədə Bolqarıstanla Azərbaycan arasında etibarlı, uzunmüddətli strateji əməkdaşlıqla əlaqədardır. Son bir ildə bu əməkdaşlıq çox uğurla inkişaf edib və hazırda artıq yeni müstəvidədir” söyləyən Bolqarıstan Prezidenti bildirdi ki, Prezident Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi.

Avropanın enerji bazarında Azərbaycan təbii qazına tələbat durmadan artır. Məhz bu kimi reallıqlara söykənərək dövlət başçısı İlham Əliyev bildirdi ki, bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq. “Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcəyik. Mən “ən azı” ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil” söyləyən cənab İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq. Tərəfdaşlardan ibarət güclü komandanı yaratmaq kimi bu təşəbbüsdə Bolqarıstan Prezidenti cənab Radevin xüsusi rolunu qeyd etmək istərdim.  “Həmrəylik Halqası” birgə geniş planlarımızın icrasında mühüm rol oynayacaq.

Bir mühüm məqamı da nəzərə alsaq ki, hazırkı dövrdə bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması da əsas çağırışlar sırasındadır, Azərbaycanın bu sahədə böyük potensiala malik olduğunu tərəfdaş ölkələr də təsdiqləyirlər. Bu sahədə imzalanan Anlaşma Memorandumları Azərbaycanın Avropa dövlətləri üçün önəmini daha da artırır.