YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə və Azərbaycan hər zaman bir yerdədir

“Dünyaya nümunə olan Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir. Ölkələr arasında əməkdaşlığın dərinləşməsində qarşılıqlı səfərlər, imzalanan sənədlər əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin bu ilin arxada qalan  dövründə qardaş Türkiyəyə 3 səfərinin hər biri münasibətlərdə yeni səhifə kimi dəyərləndirilir.  Ölkə Prezidenti aprelin 29-da Türkiyəyə işgüzar səfəri zamanı qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak etdilər. Bu, bir daha Azərbaycan-Türkiyə birliyinin dünyaya növbəti  nümayişi oldu. Cənab İlham Əliyevin festivaldakı çıxışında “Mən bu il üçüncü dəfə qardaş ölkəyə səfər edirəm. Fevral ayında olmuşam, mart ayında olmuşam, bu gün buradayam. Əziz qardaşım, növbə Sizindir. Biz Sizi gözləyirik, bütün Azərbaycan xalqı Sizi gözləyir, Sizi öpür, qucaqlayır, Sizə öz hörmət və sevgisini çatdırır. Türkiyə-Azərbaycan birliyi əbədidir!” fikirləri bu qardaşlığın sarsılmazlığının göstəricisidir. İki ölkənin münasibətləri yalnız dövlət səviyyəsində deyil, xalqlarımızın biri-birinə  yaxınlığı, səmimiyyəti, dostluğu əsasında daha da möhkəmlənir. Dünya bunu həm 44 günlük İkinci Qarabağ müharibəsində, həm də bu ilin  fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı şahidi oldu. 44 günlük Vətən müharibəsinin hər gününü, anını Azərbaycan xalqı ilə eyni hisslərlə yaşayan qardaş Türkiyə xalqı tarixi Zəfərimizi də eyni sevinclə qeyd etdi. Cənab İlham Əliyev qardaş ölkənin son 20 ildə böyük inkişaf yolu keçdiyini, Türk dünyasının birləşməsində Prezident Rəcəb Tayyib Ərdoğanın tarixi xidmətlərini böyük qürurla qeyd etdi. Türkiyə dünya çapında söz sahibinə çevrilmiş,  bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısı İlham Əliyevin “Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!” fikirləri  Azərbaycan-Türkiyə münasibətlərinin dünəninin, bu gününün və gələcəyinin təqdimatıdır: “Bu birlik sayəsində həyata keçirilən layihələrin, atılan addımların uğurlu nəticələri göz önündədir. Hazırda Azərbaycanın həyatının yeni dövrünü yaşadığını - işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini nəzərə alsaq Azərbaycan-Türkiyə birliyinin bu prosesdə də özünün aydın ifadəsini tapdığını əminliklə qeyd edirik. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard dollardan çoxdur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayılda olub. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun hava qapılarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə dünyaya açdılar. Onu da qeyd edək ki, “TEKNOFEST” çərçivəsində Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlinin qoyulması mərasimi oldu. Azərbaycanın Türkiyəyə  qardaşlıq köməyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, qardaşım  İlham Əliyev lap əvvəldən mərkəzi Pazarcık olan zəlzələdə bizi heç vaxt yalnız qoymadı: “İlk andan etibarən axtarış-xilasetmə heyətləri Kahramanmaraşda bizimlə birlikdə oldu. Onunla da kifayətlənmədi, daha sonra İlham qardaşım Kahramanmaraşda min evin inşa ediləcəyinə söz verdi. Təbii ki, orada məktəbi, məscidi, yataqxanası və yaşayış binaları olan bir Azərbaycan şəhəri inşa etməyi qərara aldı.”

Əliabbas Salahzadə dövlət başçısı  İlham Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin gələcək inkişafı ilə bağlı hədəflərinə də diqqəti yönəldib: “Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq. Azərbaycan səmasında dünyanın son model hərbi təyyarəsi olan “Kızılelma” olacaq. Dövlət başçısı İlham Əliyev ““Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə - bugünkü Türkiyə budur” fikirləri ilə qardaş ölkənin inkişaf, tərəqqi yolunda inamla irələləməsini böyük sevinclə, qürur hissi ilə izlədiyini bildirdi.  “TEXNOFEST” dost ölkənin kosmos, aviasiya və texnologiya sahələrində necə sürətlə inkişaf etdiyini göstərir. Bu möhtəşəm festivalın iştirakçılarının sayı ildən-ilə sürətlə artmaqdadır. Bu faktın özü qardaş ölkənin texnoloji yeniliklərinə artan  diqqətin və marağın göstəricilərindən biridir.”

Millət vəkili  bildirib ki, Azərbaycan-Türkiyə birliyinin gələcək inkişafı üçün geniş imkanlar mövcuddur.  Hər zaman qeyd edildiyi kimi, bu birlik ümumilikdə Türk dünyasının birləşməsinə öz töhfələrini verir. “TEXNOFEST”də bu ümumiləşdirmə xüsusi qeyd edildi ki, Türkiyə bu gün uğurlu dövlət modelinin ən gözəl nümunəsidir.