YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadə edərək uğurlu sonluqla başa çatdırdığı enerji layihələri ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolunu daha da artırır. Aprelin 25-də Bolqarıstana işgüzar səfəri zamanı Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində “Beləliklə, biz fəal enerji diplomatiyamızı davam etdiririk. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, bizim aramızda güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq” söyləyən dövlət başçısı İlham Əliyev bununla Azərbaycanın enerji sektorunda qazandığı uğurların ümumiləşdirilmiş mənzərəsini təqdim etdi.  Cənab İlham Əliyev bu reallığı da mərasim iştirakçılarının diqqətinə çatdırdı ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üç ildən az müddətdə, 1994-cü ildə müqavilə imzaladı. Sonradan həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırıldı. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizində nefti hasil və ixrac etmək məqsədilə xarici neft şirkətlərini dəvət etdi. Bir sözlə, bu gün biz XXI əsrin layihəsini həyata keçiririk və onun miqyası genişlənir.

Regional çərçivədə başlayan əməkdaşlıq illər keçdikcə beynəlxalq miqyas aldı. 2020-ci ilin sonunda tam tərkibdə istifadəyə verilən Cənub Qaz Dəhlizi çoxtərəfli əməkdaşlığın başlanğıcı oldu.  Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynamışdır. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu illər ərzində Azərbaycan  daim Avropa İttifaqının dəstəyini hiss edir. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə  Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru təbii ki, çox böyük yer tutur.

Sofiyada Anlaşma Memorandumunun imzalanması mərasimində Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun videomüraciəti dinlənildi. Xanım Kadri Simson imzalanmış Anlaşma Memorandumunun regiona əlavə qaz təchizatı baxımından alternativ marşrutlar üçün çərçivə təmin edəcəyini vurğuladı, bu məsələdə Azərbaycanın rolunu belə dəyərləndirdi: “Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi. Bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən enerji təchizatı həlledici olmuşdur. Komissiya Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə əlavə səyləri dəstəkləyir.”

Göründüyü kimi, Azərbaycanın etibarlı tərəfdaş kimi qazandığı mövqeni yüksək dəyərləndirən Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlər ölkəmizlə əməkdaşlıq əlaqələrinin genişlənməsində maraqlarını konkret addımları ilə təsdiqləyirlər.  Son illərdə qurumun digər üzv dövlətləri kimi,  Bolqarıstan da Azərbaycanla münasibətlərini uğurla inkişaf etdirməkdədir. Qarşılıqlı səfərlər, imzalanan sənədlər bunun bariz nümunəsidir. Səfər çərçivəsində Azərbaycan Prezidenti bolqarıstanlı həmkarı ilə təkbətək görüşündə ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığını xüsusi qeyd etdi. Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən dövrdə iqtisadi, siyasi, enerji, humanitar və digər sahələrdə dinamik inkişaf edib.  Bolqarıstan Azərbaycanı  strateji və etibarlı tərəfdaş hesab edir. Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır. Dövlət başçısı İlham Əliyev keçilən yolun təhlili əsasında bildirmişdir ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir. Yeni imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq.