YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Rəhimzadə: Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqının, Azərbaycan dövlətinin qurtuluşu oldu

«Ümumiyyətlə, Azərbaycanın tarixində çətin, gərgin anlar çox olub. Xalqımız ağır sınaqlarla üz-üzə qalıb. Müasir dövrümüzdə isə belə çətin məqamlardan biri SSRİ-nin süqutu ərəfəsində Azərbaycan torpaqlarının işğal olunması, respublika daxilində siyasi böhranın hökm sürməsi idi. 1991-ci ildə müstəqilliymiz elan olunsa da, onun taleyi sual altında idi. Məhz belə bir zamanda xalqımız problemlərdən yeganə çıxış yolunu Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü». Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, o dövrdə qısa müddət ərzində Azərbaycana üç dəfə hakimiyyət dəyişikliyi baş verdi və hakimiyyətə yiyələnmək istəyənlərdən heç biri dövlətə xidmət etmək qabiliyyətinə malik deyildi. Onun sözlərinə görə, çünki onların hər biri  ancaq öz mənafelərini güdürdü və xalq da bunları görərək 1993-cü ildə Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasını təkidlə tələb etdi.

«Çünki xalq  AXC-nin hakimiyyətdə olduğu bir il ərzində ölkənin hansı durumda olduğunun şahidi oldu. Ölkədə quldurluq hökm sürürdü. Silahlı adamlar ölkədə at oynadırdı. Xalq  çətin şəraitdə yaşayırdı, iqtisadi durum ağır idi. Çörək həsrəti ilə uzun növbələr yaranırdı. Bütün bunlar xalqı artıq ayağa qalxmağa məcbur etdi. 1992-ci il mayın 18-də silahla hakimiyyətə gələn Xalq Cəbhəsi ağır durumda olan Azərbaycanın durumunu daha da ağırlaşdırdı. Bu ağır vəziyyətdə növbəti Gəncə hadisələri baş verdi. Bütün bunların qarşısını almaq üçün ölkəni idarə edə bilən liderin hakimiyyətə gəlməsi tələb edilirdi. 1992-ci ilin oktyabr ayında bir qrup Azərbaycan ziyalıları Heydər Əliyevə müraciət edərək, partiya yaradılması təklifini irəli sürdülər və bildirdilər ki, məhz Heydər Əliyevin rəhbərliyi ilə yaranan partiya Azərbaycanı bu ağır vəziyyətdən çıxara bilər. Ulu Öndər Heydər Əliyev  müraciətə müsbət cavab verdi. 1992-ci il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasında partiyanın 550 nəfərdən ibarət ilk təsis konfransı keçirildi. Artıq iqtidarda olan Xalq Cəbhəsi başa düşürdü ki, hakmiyyəti idarə etmək iqtidarında  deyil. Ona görə də, Heydər Əliyevi Bakıya dəvət etdilər. Rəhbər üçün qərar qəbul etmək çox vacib xüsusiyyətdir. Ancaq o vaxtkı hakimiyyətdə olanlar bu xüsusiyyətdən çox uzaqda idilər. 1993-cü il  iyunun 15-də parlamentin sessiyası keçirildi və Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Milli Məclisdə olanlar yaxşı başa düşürdülər ki, ölkədə yaranmış çox ağır və çətin vəziyyəti məhz Ulu öndər  Heydər Əliyev aradan qaldıra bilər. Onu da başa düşürdülər ki, Azərbaycanın bu günü və gələcəyi məhz Heydər Əliyevin apardığı düzgün siyasətlə bağlıdır. Beləliklə də, Heydər Əliyevin 1993-cü il 15 iyunda hakimiyyətə qayıdışı Azərbaycan xalqının, Azərbaycan dövlətinin qurtuluşu oldu»- deyə, A.Rəhimzadə vurğulayıb.