YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gözlərə nur verən insan

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan yüksək intellekt sahibi, büllur çeşməyə bənzər mənəvi təmizlik və paklıq nümunəsi, SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatı almış ilk azərbaycanlı, vətən oftalmologiyası sahəsi üzrə ilk qadın akademik, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyeva XX əsrin dünya şöhrəti qazanmış ən parlaq ulduz qadınlarındandır.

Akademik Zərifə Əliyeva gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin, layiqli vətən övladlarının hazırlanmasında, həkim-oftalmoloqların ixtisaslarının ilbəil artırılmasında, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarca elmlər doktorunun və elmlər namizədinin elmi rəhbəri olmuşdur. Akademik Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi tutarlı nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərə görə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Ötən əsrin 30-40-cı illərində Azərbaycanda tüğyan edən traxoma xəstəliyi 50-ci illərdə də geniş yayılmışdı və xalqımızı bu müdhiş bəladan xilas etmək zərurəti Zərifə xanım Əliyevanı rahat buraxmırdı. O, bütün diqqətini bu xəstəliklə mübarizəyə və digər göz xəstəliklərinin müalicəsinə yönəltdi. Zərifə xanım Azərbaycanın traxoma ocağı aşkar edilən bütün rayonlarını qarış-qarış gəzir, əhali arasında məqsədyönlü söhbətlər aparır, traxoma və digər göz xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi haqqında əməli tədbirlər planını inamla həyata keçirirdi

Zərifə xanım Əliyevanın zəngin həyat yolu bugünkü və gələcək nəsillər üçün örnək və yaşam etalonudur. Bəli, Zərifə xanım Əliyevanın parlaq səhifələrlə dolu zəngin ömür kitabında insanı özünə ən çox cəlb edən, ilk növbədə, onun analıq fenomenidir. Analıq həqiqətən də təbiətin ən böyük möcüzəsi sayılır.

Akademik Z.Əliyeva Vətənini, xalqını, bütün insanları səmimi və sədaqətli bir məhəbbətlə sevmiş, peşəsinin, sənətinin vurğunu olmuşdur. Onun qəlbində vətən övladlarını qorumağa, vətənin keşiyini çəkməyə hər zaman hazır olan müqəddəs bir ana ürəyi, sıravi bir vətəndaş ürəyi, çətinliklərdən keçib oddan-alovdan adlayaraq ulduzlara doğru irəliləyən, elmin qızıl tacına yiyələnən möhtəşəm bir alim ürəyi döyünürdü.

Ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, özündən sonra zəngin elmi irs o cümlədən gözəl ailə nümunəsi qoyub gedən Zərifə xanım Əliyevanın olduqca mənalı və zəngin həyat yolu, ailəsi, övladları, xalqı, dövlətinin xoşbəxtliyi uğrunda fədakarlığı nəinki bugünkü, həm də gələcək nəsillər üçün bir örnək və yaşam etalonu olacaqdır.