YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixə yazılan 5 il

“Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.” Dövlət başçısı İlham Əliyevin 11 aprel 2018-ci il prezident seçkilərində seçicilərin 86,02 faiz səsini qazanaraq Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində səsləndirdiyi bu fikirlər qarşıdakı dövrün yol xəritəsi oldu. Növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən amillərə diqqət yetirdikdə qarşıdakı dövrün hədəfləri aydın olur. Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, xalqın hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdir. Xalq seçkilərdə cənab İlham Əliyevə səs verməklə demokratik inkişafın davamlılığına, tərəqqiyə, sabitliyə, yeni-yeni hədəflərə, ən əsası torpaqlarımızın işğaldan azad edilərək Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına səs verdi. Bu arzu ulu öndər Heydər Əliyevin Azərbaycanla bağlı inkişaf konsepsiyasının əsas tərkib hissəsi idi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan son 5 ilin iki ildən artıq dövrünü tarixi Zəfərin sevincini yaşamaqla, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin geniş vüsət almasında böyük qürur hissi keçirməklə qeyd edib. 2018-2020-ci illər isə Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurların miqyasının genişliyi ilə diqqətdədir. İlk olaraq Azərbaycanın enerji diplomatiyasına nəzər salsaq 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissəsi olan TANAP, 2020-ci ilin sonunda isə TAP istifadəyə verildi. Ölkəmizin neft-qaz sektorunda qazandığı uğurlar iqtisadi və maliyyə imkanlarımızın genişləndirilməsində özünün aydın ifadəsini tapır ki, bu da öz növbəsində mühüm sosial-iqtisadi layihələrin uğurlu icrasına yol açır. Enerji sektorunda qazanılan uğurlar qeyri-neft sektorunun inkişaf yönümündə mühüm addımlara geniş imkanlar yaratdı. 2019-cu ildə 2019-2023-cü illər üzrə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı təsdiqləndi. Sayca 4-cü olan Dövlət Proqramından irəli gələn vəzifələrin uğurlu icrası bölgələrin müasir simasında özünün aydın mənzərəsini yaradır. Azərbaycan, eyni zamanda, təkmil dirçəliş modelini dünyaya təqdim edir. 2020-ci ilin noyabr ayının 16-da dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ümumilikdə cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib. Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib. Dövlətimizin qüdrəti və iqtisadiyyatı daha da artıb. Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləridir. Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir. 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır. Azərbaycan 2011-ci ildə BMT-dən sonra ikinci böyük təsisat olan, 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycanın bu quruma sədrliyi dövrü koronavirusla mübarizə tədbirlərinin gücləndirildiyi zamana təsadüf edir. 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il – 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul etdilər. Bu, bilavasitə Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin təzahürüdür.

2003-2018-ci illər, eyni zamanda, Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olundu.

Vüqar Rəhimzadə qeyd edib ki, növbədənkənar prezident seçkilərindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Həmin mərhələ islahatların dərinləşdirilməsi və təcavüzkar Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsinə son hazırlıq işləri ilə səciyyələnir. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratdı. Dövlət başçısı İlham Əliyevin ümumilikdə 20 ilə yaxın Prezidentlik dövründə Azərbaycan zəfərdən-zəfərə doğru inamla addımlayaraq ulu öndər Heydər Əliyevin ən böyük arzusu reallığa çevrildi. Müasir müstəqil, qalib Azərbaycanın inkişaf strategiyası real hədəflərə istiqamətlənib. Bu gün tarixi ədalətə söykənərək növbəti hədəfə doğru addımlayırıq. Qərbi Azərbaycana qayıtmağımız növbəti möhtəşəm uğurlarımız sırasında olacaq.