YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişafın milli modeli

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

31 oktyabr 2003-cü il tarixində keçirilmiş andiçmə mərasimində Azərbaycan xalqına rifah, inkişaf, intibah və tərəqqi ilə bağlı söz verən cənab İlham Əliyev həm daxili, həm də xarici siyasətdə müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsinə nail olmaqla vədini gerçəkləşdirdi, inkişafın milli modelini yaratdı, güclü Azərbaycan quruculuğuna müvəffəq oldu. “Hər bir azərbaycanlının Prezidenti olacağam”, – deyən cənab İlham Əliyev daimi yüksəlişə xidmət edən səmərəli və məqsədyönlü fəaliyyəti ilə dünya azərbaycanlılarını vahid yumruq kimi birləşdirdi, milli həmrəyliyi gücləndirdi. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, – deyən Prezident İlham Əliyev sosial rifaha və ədalətli resurs bölgüsünə əsaslanan cəmiyyət qurdu, Azərbaycanın sosial dövlət imicini gücləndirdi.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adı, fəaliyyəti və siyasəti inkişaf və sabitlik anlayışları ilə assosiasiya olunur. İlham Əliyevin siyasi portretini tamamlayan cizgilər sırasında Onun həm müdrik dövlət xadimi, həm də uğurlu – nümunəvi siyasətçi imici xüsusi yer tutur. Azərbaycan Prezidenti rasional düşüncəli, intellektual və vətənpərvər siyasətçidir. O, bir ölkənin geosiyasi koordinatlarından, ərazi xüsusiyyətlərindən, əhali sayından və digər bir sıra faktorlardan asılı olmayaraq öz strateji iradəsi əsasında müstəqil siyasət yeridə biləcəyini əyani şəkildə – əməli fəaliyyəti ilə sübuta yetirib. O, xalqdan dəstək alan, intellektual və vətənpərvər şəxsiyyət, rasional – dəmir məntiqə malik və praqmatik siyasətçi olduğunu bir daha təsdiqləyib. Bu, həm də Azərbaycan dövlətinin gücünün – qüdrətinin ifadəsidir!

Ölkəmizdə 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində İlham Əliyev seçicilərin 86,02 faizinin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim edərək səsini ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalaraq ölkəmizi regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasi xadim Prezident İlham Əliyevə verdi.

Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 5 ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Bu mərhələ bütün sahələri əhatə edən genişmiqyaslı və davamlı islahatlarla xarakterizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir.

Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan olan enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilir. Ölkəmizin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. İqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Beləliklə, Azərbaycanın milli maraqları, təhlükəsizliklə bağlı maraqları tam şəkildə təmin olunur, eyni zamanda, kosmik sənayemiz də inkişaf edir.

Bu illər ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilmiş, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunmuş, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılmışdır. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident cənab İlham Əliyev tərəfindən dinamik şəkildə və novatorcasına inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin qloballaşan dünyada öz mövqelərinin yüksəlməsini təmin edib. Bu gün tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günündən “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, – tezisini irəli sürərək, ötən müddətdə ona bəslənilən ümidləri doğruldub, cəmiyyətin bütün arzularını gerçəkləşdirməyə çalışmaqla, xalqın maraq və mənafelərinə cavab verən çevik, qətiyyətli qərarlar qəbul edib, mühüm uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləyib, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib. Bu fikri bir qədər də konkretləşdirib vurğulamaq istərdim ki, ötən 19 il ərzində Cənab İlham Əliyev siyasi, sosial-iqtisadi sahələrdə böyük uğurlara imza atmaqla Ulu Öndərin siyasi varisi, onun güclü dövlətçilik, Azərbaycançılıq ideologiyasının layiqli daşıyıcısı olduğunu təsdiqləyib. Ölkədə demokratik islahatların aparılması, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində qanunvericilik bazasının formalaşması, ictimai-siyasi stabilliyə zəmanət verən iqtisadi-siyasi layihələrin reallaşdırılması, beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəlməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatların bariz bəhrələridir. Bu bir faktdır ki, bütün bunların əsasında İlham Əliyev şəxsiyyəti, onun fenomenal liderlik keyfiyyətləri dayanır.

Avroatlantik məkana inteqrasiya istiqamətində mühüm nailiyyətlər qazanan, Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti proqramında uğurla iştirak edən ölkəmizin Şərq dövlətləri ilə də münasibətlərində yeni səhifələr açılmış, diplomatik əməkdaşlığımız olan ölkələrlə münasibətlər daha da dərinləşdirilmişdir. Prezident İlham Əliyevin uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşuldu. Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı. Cənab Prezident demişdir: “Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq”.

Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın sədrliyinin 2023-cü ilin sonuna qədər uzadılması hərəkata uğurlu şəkildə sədrlik etmənin təsdiqi və yüksək qiymətləndirilmənin nəticəsidir. Uğurlu fəaliyyətin zəmanətverici faktoru kimi Prezident İlham Əliyev ölkədə sabitliyi qorudu. Bunun üçün, ilk növbədə, qarşılıqlı münasibətləri tənzimləyən vətəndaş həmrəyliyini, dinamik inkişafı təmin etmək üçün cəmiyyətdə sağlam mənəvi mühiti, vətəndaşlar arasında dövlətə və dövlətçiliyə etibar, inam, öz ölkəsini sevmək, sərhədlərini göz bəbəyi kimi qorumaq, onunla qürur duymaq və uğrunda döyüşmək duyğusu və hissi yaratdı. Bunlar bütünlüklə İlham Əliyevi parlaq qələbəyə aparan sistemli strategiya idi. Əlbəttə, bütün uğurların əldə olunmasında “İlhamla irəli!” devizi, sabaha, gələcəyə inam hissi dayanırdı.

Prezident seçildiyi ilk gündən cənab İlham Əliyev praqmatik dövlət xadimi kimi iqtisadiyyatın bütün sferalar üzrə inkişafına nail olmağın zəruriliyini bəyan edərək, ölkənin neft gəlirlərindən asılılığının aradan qaldırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində mühüm addım­lar atdı. Ölkədə qeyri-neft sektorunda iqtisadi dirçəlişə nail olunması istiqamətində sahibkarlıq ənənələrinə yiyələnilməsinə geniş meydan verilməsini, onlara səmərəli dövlət qayğısının həyata keçirilməsinə şərait yaradılmasını prioritet istiqamətlərdən biri kimi bəyan etdi.

Prezident İlham Əliyevin xarici siyasətinin ən önəmli hissəsi Qarabağla bağlıdır. Lakin bu məsələ ilə bağlı Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe tutması, Qarabağ probleminin ədalətli şəkildə artıq silahla həll olunmasını zəruri etmişdi. Ermənistanın davamlı olaraq işğalçı siyasətdən əl çəkməyib 2020-ci il sentyabr ayının 27-də atəşkəs rejimini kobud şəkildə pozaraq təxribatlar həyata keçirməsi həmin təxribatların qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlanılmasına və respublika ərazisində hərbi vəziyyətin elan olunmasına səbəb olmuşdur. Vətənə sevgi, ərazi bütövlüyünün bərpa olunması istəyi, illərcə gözlənilən ədalətin bərqərar olunmasında iştirakdan duyulan qürur və şərəf hissi ilə Azərbaycan ordusu “Dəmir Yumruq”u ilə 44 gün ərzində mənəvi üstünlük və şücaət nümayiş etdirərək Murovdağ silsiləsini, Suqovuşan qəsəbəsini, Cəbrayıl, keçmiş Hadrut qəsəbəsini Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Xocavənd rayonunun böyük hissəsini və Şuşa şəhərini, bütövlükdə 300-dən çox yaşayış məntəqəsini döyüşlə işğaldan azad etmişdir. Onun ardınca isə bir güllə belə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonları Müzəffər Ali Baş Komandanımızın şücayəti sayəsində işğaldan azad olundu. Ermənistanın əvvəlki dövrdə olduğu kimi, istər erməni lobbisinin, istərsə də xarici havadarlarının dəstəyi və köməyi ilə münaqişə haqqında dünyada informasiya vakuumu yaratmaq, öz yalan, ikiüzlü, riyakar, nə tarixə, nə də beynəlxalq hüquqa əsaslanmayan siyasətini beynəlxalq ictimaiyyətə sırımaq üçün uğursuz cəhdlər göstərməsinə baxmayaraq informasiya məkanında da ən ali vəzifəni öz üzərinə götürən və sanki informasiya məkanının da Cənab Ali Baş Komandan funksiyasını məharətlə icra edən Cənab Prezidentimiz İlham Əliyev 26 xarici mediaya müsahibələr verdi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, habelə Azərbaycanın mövqeyini əsaslandıran hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı, Azərbaycanın haqlı mövqeyini tutarlı faktlarla əsaslandırdı və sual doğuran məsələlərə aydınlıq gətirərək reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bütün cinahlarda gedən döyüşlərə şəxsən rəhbərlik edən Cənab Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin uğurlu hərbi siyasəti və rəşadətli Azərbaycan ordusunun qəhrəman əsgər və zabitlərinin peşəkarlığı nəticəsində Ermənistan tərəfi məğlubiyyəti qəbul edərək, noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Beləliklə, 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımız azad oldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərb, siyasət, diplomatiya və informasiya-təbliğat müstəvisində strategiyasının uğurlu nəticələri təkcə Azərbaycanın tarixi Zəfərində öz əksini tapmayıb. Cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri və qətiyyətli mövqeyi fonunda həyata keçirilən strateji kursun nəticəsində həm də çox mühüm geostrateji reallıqlar yaranıb. Bu reallıqlar, ilk növbədə, Azərbaycan dövlətinin gücününü göstəricisi olmaqla yanaşı, ölkəmizə tərəqqi, regiona rifah və inkişaf vəd edir. Azərbaycan Prezidentinin strateji təşəbbüsləri özündə həm tarixi ənənələri, həm mənəvi dəyərləri, həm siyasi reallıqları, həm də milli maraqları ehtiva edir. Bununla bağlı bir çox nümunə göstərmək olar. Elə Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi kimi. Şübhəsiz ki, işğaldan azad olunan ərazilərin bərpası və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi baxımından Zəngəzur dəhlizinin yaradılması öz strateji önəmi ilə diqqəti cəlb edir. Prezident İlham Əliyev “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də...”,-deyə vurğulayıb. Bu dəhlizin açılması təkcə çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycanın milli gücünün daha da artması demək deyil. Bu, eyni zamanda, regionda sülh, sabitlik, təhlükəsizlik, tərəfdaşlıq və əməkdaşlığa tarixi töhfə olacaq. Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi Azərbaycan Prezidentinin siyasi iradəsinin, milli məzmunlu qlobal düşüncəsinin və gələcəyə aydın strateji baxışının ifadəsidir.

Ötən 19 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.

DİGƏR Xəbərlər Arxiv