YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni inkişaf dövrü

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Müstəqil Azərbaycanın qurucusu, ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti nəticəsində yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikası regionun lider ölkəsinə çevrilib. Bu, bir daha onu göstərir ki, ölkə Prezidenti düzgün xarici siyasət, o cümlədən, məqsədyönlü iqtisadi siyasət həyata keçirir. Azərbaycanda iqtisadi inkişaf strategiyasının əsasını qoyan ümumilli liderimiz iqtisadi islahatlar həyata keçirdi ki, bu islahatlar bu gün də uğurla həyata keçirilməkdədir.

Son 18 ildə ölkəmizdə həyata keçirən uğurlu daxili və xarici siyasət Azərbaycanı yeni inkişaf mərhələsinə çıxardı. Dövlətimizin başçısı İlham Əliyev hələ 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimi zamanı söylədiyi "Mən hər bir Azərbaycanlının Prezidenti olacağam" fikrinə sadiqliyini öz əməlləri ilə sübuta yetirib. Regionlara, eləcə də xarici ölkələrə səfərləri zamanı sadə vətəndaşlar, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla görüşüb onların problemləri ilə yaxından maraqlanan Prezident İlham Əliyev məhz bu keyfiyyətlərinə görə hər bir azərbaycanlının etimad və rəğbətini qazanıb. 2018-ci ilin aprelin 11-də keçirilən seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilmiş cənab İlham Əliyevin rəhbərliyi ilə son beş ildə ölkədə bütün sahələr üzrə inkişaf uğurla davam edib, islahatlar cəmiyyətimizin daha çox sahələrini əhatə edib. 2019-cu ilin əvvəlindən başlayaraq sosial-iqtisadi sferada sistemli dəyişikliklər başlanıb. Prezident İlham Əliyevin sosial paketlərdən ibarət olan yeni islahat kursu növbəti dəfə təsdiqləyir ki, o, hər bir Azərbaycan vətəndaşının prezidentidir. Cənab Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir.  Dövlət başçısının uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yatmış oldu. Prezident İlham Əliyevin ən mühüm xidmətlərindən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasının həyata keçirilməsidir. Prezident seçildikdən sonra Azərbaycanın bütün bölgələrinin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən cənab Prezident bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, soaial-iqtisadi islahatlar və digər sistemli hədəflərin reallaşmasına şərait yaratdı. Davamlı olaraq, islahatların həyata keçirilməsi vətəndaşların rifahının daha da yüksəldilməsinin, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsinin daim dövlətin diqqət mərkəzində olduğunun əyani göstəricisidir. Bildiyimiz kimi, 2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil oldu. Bu addımlar planlı, Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq, həyata keçirildi. Bu, bir daha göstərmiş oldu ki, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır. Şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə, qaçqın və məcburi köçkünlərə qayğı, minimum əməkhaqqının, minimum pensiyanın və sosial müavinətlərin artırılması istiqamətində görülən işlər, problemli kreditlərin həll olunması dövlətin öz vətəndaşlarına olan qayğısının təzahürünə çevrildi. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yenə diqqət mərləzində olub, əmək pensiyası, minimum əməkhaqqı, təqaüd və müavinətlər artırılıb.

Seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərmanın - 2018-ci il 19 aprel tarixli Fərmanın şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin onun növbəti Prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Hər iki Fərmanın icrası olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi (bunun üçün 135 milyon manat vəsait ayrılıb) nəzərdə tutulub. Ötən ilin noyabrın əvvəllərindən bu günədək onlardan artıq 6200-ə yaxın şəhidin 9054 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub. 2019-cu il ərzində digər vərəsələr də birdəfəlik ödəmə ilə təmin ediləcəklər.

Odur ki, xalqımız 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində də Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, əmin-amanlığa, tərəqqiyə və quruculuğa səs verdi. Bir ölkənin Prezidenti, bir xalqın lideri olmaq böyük şərəfdir. Lakin xalqın sevimlisi olmaq, onun hörmət və ehtiramını qazanmaq daha böyük şərəf, daha böyük bəxtəvərlikdir. Cənab İlham Əliyev, özünün qeyd etdiyi kimi, xoşbəxt insandır. Xoşbəxtdir ki, həm Prezident, həm siyasi varis, həm də oğul kimi öz üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirdi. Azərbaycanın yeni, şanlı tarixinin müəllifi, xalqımızın bitib tükənmək bilməyən sevinc, qürur və bəxtiyarlığının ilham mənbəyi oldu. Bu elə bir zirvədir ki, ondan yüksəyini təsəvvür etmək mümkün deyil!

Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildə ölkənin Prezidenti vəzifəsinin icrasına başladığı zaman çıxışında dediyi sözləri xatırlatmaq yerinə düşər: "Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir

Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam". Həqiqətən də, belə oldu: Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşı üçün Prezident oldu və xalqın etimadını doğrultdu. Ötən on yeddi il, aydın şəkildə göstərdi ki, cənab İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmiş və sosial problemləri həll etmişdir. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib.

Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir.