YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gücün və qüdrətin təqdimatı

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Müasir müstəqil Azərbaycanın hərbi qüdrətindən bəhs edərkən dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, müasir, mütəşəkkil ordu yaradılması ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Qeyd edək ki, hələ ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək bu istiqamətdə biri-birindən mühüm addımlar atmışdı. Ümummilli Liderin gərgin səyləri nəticəsində hərbi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Ordumuzda xidmət edən zabitlərin əksəriyyəti ulu öndər Heydər Əliyevin yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin məzunlarıdırlar. Son illərdə imkan və potensialı daha da artan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursant və şahinləri hər zaman döyüşə hazır olduqlarını keçirilən hərbi paradlarda nümayiş etdirirlər.

Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir.  Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü  ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər.

Bu reallıq müstəqilliyimizin bərpasının ilk illərinin xarakterizə edən amillər sırasında idi. Gənclərimiz hərbi xidmətə getməkdən yayınır, fərarilik baş alıb gedirdi. Amma 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra orduya diqqət və qayğının artması bu hallara son qoydu. Azərbaycan gənclərində vətənpərvərlik hissi daha da artdı, hərbi xidmətə çağırış gənclər tərəfindən böyük ruh yüksəkliyi, xoş ovqatla qarşılandı. Hərbi hazırlığı, Vətənə bağlılığı ilə fərqlənən Silahlı Qüvvələrimizin mövcudluğu sülh danışıqları səmərə vermədiyi təqdirdə torpaqlarımızı hərb yolu ilə işğaldan azad etməyə hər zaman hazır olduğumuzu böyük əminliklə söyləməyə əsas verdi. Ulu öndər Heydər Əliyev bildirmişdir: “Mən əminəm ki, bizim ordumuz bu gün Azərbaycanın  müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəldilmiş hər hansı bir qəsdə layiqli cavab verməyə hazırdır.”

Son 20 ilə yaxın dövrdə Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Ordumuz beynəlxalq standartlara cavab verir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Azərbaycan Ordusu hazırda dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Ən əsası rəşadətli Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazdı. Dövlət başçısı İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi sayəsində tariximizin Zəfər səhifəsi yazıldı. Dünya 44 gündə Prezident-Ordu-Xalq birliyinin, xalqımızın torpaq, Vətən sevgisinin bir daha şahidi oldu. Son iki ildən artıq dövrdə bu birliyimiz, Vətən sevgimiz işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır. Müzəffər Ali Baş Komandan İlham Əliyev ordumuzun bundan sonra da qüdrətlənməsi istiqamətində atılan addımların davamlı olacağını bildirir. Tarixi Zəfərimizdən sonra “Qisas”, “Qətiyyətli addım” əməliyyatları Ordumuzun gücünün, qüdrətinin təqdimatı oldu.