YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən sevgisinin göstəricisi…

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı digər sahələr kimi, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun formalaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımların atılması ilə tarixə yazıldı. Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilir. Nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər qısa müddətdə müsbət nəticəsini göstərdi. Ümummilli Lider bu çağırışı etmişdir: “Mən arzu edirəm ki, hər bir Azərbaycan gənci Azərbaycan Ordusunda xidmət etməyi özünün müqəddəs vəzifəsi kimi qəbul etsin. Orduda xidmət etməyən gənc cəmiyyətdə böyük hörmət qazana bilməz. Cəmiyyətdə, gələcək həyatda hörmət qazanmaq istəyən gənc gərək mütləq, mütləq əsgərlik borcunu yerinə yetirsin. Əsgərlik borcunu yerinə yetirmək hər bir azərbaycanlı gəncin müqəddəs vəzifəsidir.”

Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsini prioritet məsələ kimi öndə saxlayır. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Cənab İlham Əliyev çıxışlarında bu məqamı daim diqqətə çatdırır ki, Ordumuz üçün nə lazımdırsa biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir.  Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır: “Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərmişdir.”

2016-cı ilin aprel döyüşlərindən sonra bütün dünya ictimaiyyəti bir daha bu reallığın şahidi oldu ki, Azərbaycan vətənpərvərlər məskənidir. Əbəs yerə deyilmir ki, torpaq, əgər uğurunda ölən varsa, Vətəndir. Ölkə Prezidenti İlham Əliyevin dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolunun seçiləcəyini bəyan etməsi məhz ordumuzun gücünə, qüdrətinə inamından, gənclərimizdə vətənpərvərlik duyğularının yüksək səviyyədə olmasından irəli gəlirdi. Cənab İlham Əliyev 2017-ci ildə BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında bildirmişdir: “Hərbi təxribat davam edərsə, ölkəmiz öz vətəndaşlarını qoruyacaq və təcavüzkarı yenidən cəzalandıracaq.”

2020-ci ildə qazandığımız tarixi Zəfər rəşadətli Ordumuzun gücünün, malik olduğu imkanların nümayişi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun yazdığı Zəfər səhifəsi gənclərimizin torpaq, Vətən sevgisinin göstəricisidir. 44 gündə 30 ilin işğalına son qoyulması, tarixi ədalətin bərpası bir daha sübut etdi ki, Azərbaycan xalqı heç zaman işğalla barışmayacaqdı. Bir qarış torpaq belə düşmənə verilməyəcək. Müzəffər Ali Baş Komandanın tarixi Zəfərimizdən sonra Ermənistanda baş qaldıran revanşist qüvvələrə “Dəmir yumruq yerindədir” mesajı da ordumuzun qüdrətinin, gücünün təqdimatıdır. Ordumuz bundan sonra da güclənəcək, qüdrətlənəcək, dünyanın ən güclü orduları sırasında dayanacaq.

DİGƏR Xəbərlər Arxiv