YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Salyanda regional konfrans keçirib

İyunun 9-da Salyan rayonundakı Heydər Əliyev Mərkəzində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirdiyi regional konfransda Salyan və Neftçala rayonlarından dini icmaların rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla anıblar.

Konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycan Prezidentinin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edərək, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanılması, təbliği və təşkili istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. M.Qurbanlı ümumbəşəri dəyərlərə münasibətdə zəngin təcrübəyə malik Azərbaycanda İslamın tarixi, milli mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar məsələləri diqqətə çatdırıb. Komitə sədri geosiyasi maraqların getdikcə şiddətlənməsinin təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyillərinin güclənərək dəhşətli nəticələrə səbəb olduğunu vurğulayıb. Bildirilib ki, bu gün bəzi müsəlman ölkələrində baş verən hadisələr, silahlı münaqişələr məhz geosiyasi maraqların toqquşmasından irəli gəlir. Bəzi qüvvələr İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışır, terrorla əlaqələndirmək istəyirlər. Komitə sədri bu cür hallara qarşı birgə mübarizənin əhəmiyyətini, bu sahədə maarifləndirmənin zəruri olduğunu vurğulayıb.

Qeyd edilib ki, ölkəmizdə mövcud olan dini tolerantlıq və dövlət-din münasibətləri digər ölkələr üçün nümunədir. Bu münasibətlər uzun illərdən bəri zamanın sınağından çıxaraq bu günümüzədək çatıb, keçmişimizdən bizə yadigar qalıb və ölkəmizdə aparılan düzgün daxili və xarici siyasət nəticəsində getdikcə inkişaf etməkdədir. Bu ənənəni qoruyub saxlamaq hər kəsin, xüsusilə də din xadimlərinin, ziyalıların və gənclərin mənəvi borcudur.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, Milli Məclisin deputatları Fəzail Ağamalı və Əliağa Hüseynov konfransda çıxış edərək, dövlət-din münasibətlərindən, ölkəmizin tolerantlıq ənənələrindən, xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsində belə keyfiyyətlərin əhəmiyyətindən danışıblar.

Konfrans başa çatdıqdan sonra Komitə sədri M.Qurbanlı Salyandakı “Cümə” məscidində olub, dindarlarla görüşüb, onlara dini kitablar bağışlayıb.