YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan liderlik missiyasını uğurla davam etdirəcək

Əli Hüseynli

Milli Məclisin deputatı

Azərbaycan 2011-ci ildən etibarən BMT-dən sonra  sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının üzvüdür. Bu qurum dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platformaya çevrilməklə beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən nüfuzlu təsisatdır. 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi, daha sonra ötən il ölkəmizin sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması isə üzv dövlətlərin Azərbaycana olan etimadının  və ölkəmizin mütərəqqi təşəbbüslərinə ayrılan yüksək diqqətin təzahürüdür. 

Hərəkatın sədri kimi Azərbaycanın səmərəli fəaliyyəti, bu təşkilatın qlobal çağırışlarla mübarizəyə verdiyi töhfə 2021-ci il oktyabrın 11-12-də Serbiyanın paytaxtı  Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda bir daha nümayiş etdirildi.

Yubiley toplantısında Azərbaycanın irəli sürdüyü təklifin reallaşması nəticəsində  bu gün   paytaxt Bakı Qoşulmama Hərəkatının COVİD-19- qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi edir. İki gün davam edəcək bu beynəlxalq mötəbər tədbirdə dünyanın 70 ölkəsindən nümayəndə heyəti iştirak edir. Tədbirinin rəsmi açılış hissəsinə sədrlik edən Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyev çıxışında bir sıra vacib məqamlara toxunaraq, Hərəkatın qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səyləri yüksək dəyərləndirmişdir. Qoşulmama Hərəkatının təməlində suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən Bandunq prinsiplərinin dayandığını bildirən dövlətimizin başçısı Azərbaycanın bu prinsiplərə hər zaman sadiq qaldığını vurğulamışdır.

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının mühüm təşəbbüslərlə çıxış etdiyi və xüsusilə COVİD-19 pandemiyasına qarşı mübarizədə liderliyinin beynəlxalq səviyyədə tanındığı vurğulanmışdır. Cənab İlham Əliyevin 150-dən artıq ölkənin dəstəyini almış təklifi əsasında 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası təşkil olunmuşdur. Məhz ölkəmizin ardıcıl səyləri nəticəsində ədalət və bərabərlik nümunəsi olaraq peyvənd millətçiliyinə son qoyulmuşdur. Belə ki, Qoşulmama Hərəkatı 2021-ci ildə BMT İnsan Haqları Şurası və BMT Baş Assambleyasında peyvənd millətçiliyinə qarşı qəbul edilmiş 2 qətnamənin təşəbbüskarı olmuşdur. Məhz Azərbaycanın təklifi ilə Qoşulmama Hərəkatının İşçi Qrupunun topladığı məlumatları Ümumdünya Səhiyyə Təşkilatı ehtiyacların müəyyən edilməsi üçün pandemiya ilə mübarizədə baza kimi istifadə etmişdir. Bu dövr ərzində Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olan 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərmişdir.

Ölkəmiz Hərəkatın instutisional inkişafına mühüm dəstək verir. Azərbaycanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis edilməsi ilə bağlı təklifi üzv ölkələr tərəfindən dəstəklənmiş və onun ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilmişdir. Bir ay sonra Şuşa razılaşması əsasında Hərəkatın gənclər təşkilatı yaradılmışdır. Onun da daimi katibliyi Bakıda yerləşəcəkdir. Çıxışda qeyd edildiyi kimi, “məqsədimiz institusional davamlılıq yaratmaq və sədrliyimizı təhvil verdiyimiz ölkəyə uğurlu miras qoymaqdır”.

Cənab İlham Əliyev qeyd etmişdir ki, son onilliklər ərzində beynəlxalq norma və prinsiplərin aşınması qlobal təhlükəsizliyə ciddi təhdiddir. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə daha çox müşahidə olunmaqdadır: "İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bu yana baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində hiss olunur”. Ona görə də dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının dünya nizamının formalaşmasında rolu və mövqeyi artmalıdır.

Prezident İlham Əliyev bu gün dünyada yeni müstəmləkəçilik meyillərinin artmasından narahatlığını ifadə etmiş və tarixi dekolonizasiya prosesində yaranmış Qoşulmama Hərəkatının müasir tariximizin bu  bu rüsvayçı səhifəsini tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməli olduğu barədə tövsiyə vermişdir. Bu kontekstdə Qəmər Adaları İttifaqının Mayot adasını hələ də əsarət altında saxlayan Fransanın bu günədək davam edən müstəmləkəçi siyasəti ciddi tənqidə tuş gəlmişdir. Cənab İlham Əliyev rəsmi Parisin Avropadan kənarda idarə etdiyi əraziləri “Fransız müstəmləkə imperiyasının iyrənc qalıqları” kimi dəyərləndirmiş, Fransanı Yeni Kaledoniya xalqının və digər xalqların hüquqlarına hörmət etməyə, Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə və qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırım aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırmışdır.

Çıxışda həmçinin hədəflərə çatmaqda geriləmənin qarşısını almaq və 2030-cu il gündəliyinin icrasına vaxtlı-vaxtında nail olmaq üçün qlobal səylərin birləşdirilməsinin vacibliyi önə çəkilmiş, bu məqsədlə COVİD-19-dan Qlobal Bərpa üzrə BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması barədə təşəbbüs irəli sürülmüşdür.

Cənab İlham Əliyev suverenlik, milli mənsubiyyət, bərabərlik və qarşılıqlı mənafeyə hörmət prinsipləri əsasında Cənub-Cənub əməkdaşlığını daha da gücləndirilməsinin vacibliyi ilə bağlı  fikirlərini ifadə etmişdir. O, həmçinin üzv dövlətləri dünyanı təhdid edən bir sıra problemlərin – iqlim dəyişikliyi, su qıtlığı, qida çatışmazlığı, məcburi miqrasiya kimi ağır məsələlərin aradan qaldırılması üçün vahid mövqedən çıxış etməyə dəvət etmişdir.

Bundan əlavə, postpandemiya dövründə daha ağır şəraitlə üz-üzə  qalmış Afrikanın kiçik ada dövlətlərinin dəstəklənməsi ilə bağlı qlobal çağırış bəyan edilmişdir.

Azərbaycan Prezidentinin toplantıdakı çıxışı qlobal miqyaslı problemlərin həlli yollarının tapılması baxımından müstəsna beynəlxalq siyasi əhəmiyyət kəsb edir. Cənab İlham Əliyev bu gün dünyada formalaşan yeni geosiyasi şəraitdə BMT-nin öz funksiyasını adekvat şəkildə yerinə yetirə bilmədiyini, ikili standartlardan xilas ola bilmədiyini bir daha dilə gətirmiş və yeni kriteriyalar üzərindən yanaşma kontekstində BMT TŞ-nın tərkibinə Qoşulmama Hərkatının və Afrika qitəsinin nümayəndəsinin daxil edilməsinin zəruriliyini vacib arqumentlərlə əsaslandırmışdır: “BMT TŞ keçmişi xatırladır və indiki reallığı əks etdirmir”.

Dövlətimizin başçısının çıxışında 44 günlük Vətən müharibəsinin nəticələri, habelə postmünaqişə dövründə  Ermənistan-Azərbaycan münasibətlərinin nizama salınması ilə bağlı tarixi və siyasi proseslər barədə məlumat verilmişdir. Bu kontekstdə münaqişənin ilk illərindən başlayaraq özünün qəbul etdiyi məlum 4 qətnamənin icrasını 30 il ərzində təmin etməyən BMT TŞ-nın ikili standartlara söykənən qeyri-adekvat mövqeyinin tənqidi də çıxışda yer almışdır. Azərbaycanın təkbaşına bu qətnamələri icra etməsi cənab İlham Əliyev tərəfindən BMT tarixində presedent kimi dəyərləndirilmişdir.

Bu gün Azərbaycan minalarla çirkləndirilmiş böyük ərazilərə malikdir. Bu problem dayanıqlı inkişaf məqsədləri ilə birbaşa əlaqəlidir. Prezident İlham Əliyev 18-ci dayanıqlı inkişaf məqsədinin minadan təmizlənmə olması barədə Azərbaycanın təşəbbüsünü fəal şəkildə təşviq etdiyini bildirərək Qoşulmama Hərəkatını bu təşəbbüsü dəstəkləməyə çağırmış və bu məqsədlə mina təhlükəsi ilə üz-üzə qalmış Hərəkat üzvlərinin həmfikirlər qrupunun yaradılmasını təklif etmişdir.

Bütün bunlar əminlik yaradır ki, Azərbaycan bundan sonra da Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərin legitim maraqlarını müdafiə olunmasına və Hərəkatın beynəlxalq arenada rolunun artmasına mühüm töhfələr verəcəkdir. Qlobal təhdidlərlə mübarizənin önündə gedən Azərbaycan beynəlxalq miqyasda getdikcə daha sürətlə artmaqda olan nüfuzundan istifadə edərək dünya miqyasında ədalətin və sülhün bərqərqar olmasına təkan verəcək və tarixi liderlik missiyasını uğurla davam etdirəcəkdir.

DİGƏR Xəbərlər Arxiv