YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixin ironiyası: işğalçı başqasını “işğal”da günahlandırır

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan bu gün təkcə mövcud olduğu regionun iqtisadi inkişafı və təhlükəsizliyində deyil, eyni zamanda beynəlxalq miqyasda icra olunan enerji və təhlükəsizlik layihələrinin həyata keçirilməsində də mühüm rol oynamaqdadır. Bura ölkəmizdə bərqərar olan davamlı sabitliyi, sadiq tərəfdaş statusunu qazanmasını da əlavə edə bilərik. Təbii ki, qeyd olunan məqamlar dünya dövlətləri və beynəlxalq təşkilatlar üçün son dərəcə vacib amillərdir.

Bu gün Azərbaycan bütün qlobal əhəmiyyətli tədbirlərə dəvət olunur, dövlətimizin başçısı cənab İlham Əliyevin rəy və təklifləri dinlənir və yüksək qiymətləndirilir. Azərbaycanın balanslaşdırılmış siyasəti hər zaman sülh və təhlükəsizliyə əsaslanmaqla, ədalət prinsipləri üzərində qurulur.

Fevralın 18-də Almaniyanın Münxen şəhərində keçirilən beynəlxalq təhlükəsizlik konfransında Prezident İlham Əliyevin iştirakı və görüşləri bir daha qeyd etdiyimiz məsələlərin aydın təzahürüdür. Münxhen Təhlükəsizlik Konfransının 59-cu görüşü də ölkəmiz üçün əlamətdar oldu. Belə ki, “Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda Prezident İlham Əliyev dövlət maraqlarına söykənərək tutarlı arqumentləri ilə qaldırılan məsələlərə münasibət bildirdi, ölkəmizin sülhsevər mövqeyini ən yüksək səviyyədə ortaya qoydu.

Ölkə başçısı sərrast nitqi ilə plenar iclasa toplaşan rəsmilərin və iştirakçıların diqqətinə çatdırdı ki, “Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var.”

Bu, həqiqətdir ki, “Dağlıq Qarabağ” adını axtaranlar tarixə baş vursunlar, bu gün Azərbaycanda belə bir ərazi yoxdur. Prezidentimiz, həmçinin, Qarabağda yaşayan ermənilərin blokada şəraitində olması ilə bağlı əsassız iddialara da münasibət bildirdi, əsl həqiqəti iştirakçıların diqqətinə çatdıraraq qeyd etmişdir ki, “Blokadanın olmadığını göstərən faktlardan biri ondan ibarətdir ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?! Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, əminəm ki, onları heç kim dayandırmayacaq. Hazırkı vəziyyəti başa düşmək vacibdir. Həmçinin hazırkı vəziyyəti düzgün dəyərləndirmək üçün biz bir qədər tarixə nəzər salmalıyıq. Demək olar ki, 30 il ərzində bizim torpaqlarımız Ermənistanın işğalı altında olub”.

Bu fikirlərlə dünya ictimaiyyəti Laçın-Xankəndi yolunda baş verənlərlə ətraflı məlumatlandırıldı və Ermənistanın dövlət rəsmilərinin Qarabağda yaşayan ermənilərin blokadaya alınması kimi cəfəng şayiələri alt-üst edildi. Biz ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq.

Ölkə başçı İlham Əliyev vurğulayıb ki, ərazimizi 30 il ərzində işğal altında saxlayanlar bizi işğalda günahlandırırlar. Bir məsələni də unutmaq olmaz ki, baş nazirin istinad etdiyi 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır. Biz müharibə apardıq, müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub.

Bu gün əlbəttə ki, Azərbaycan Ermənistanla sülh danışıqları üçün tələblərini irəli sürüb. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Plenar iclasda bu haqda da Azərbaycanın mövqeyi bildirilmişdir.

Görüşdən sonra dövlət başçımız televiziya kanallarına müsahibəsində bir çox məsələlər, eləcə də Tehranda Azərbaycan səfirliyinə qarşı təşkil olunmuş terror aktı barəsində də məlumat verdi. Bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran istablişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu göstərir. Sülh məsələsində ölkəmizin, ölkə başçısımızın mövqeyi bəllidir. Hər zaman olduğu kimi bu mövzuda da Azərbaycan haqq-ədalətin tərəfdarıdır.

Təhlükəsizlik Konfransında Azərbaycan iştirakı ilə bir daha bütün dünyaya sülhün, ədalətin, beynəlxalq hüququn tərəfində olduğunu bildirməklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq siyasət arenasında daha bir möhtəşəm uğurunun şahidi olduq.