YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmiz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi bir daha dövlətimizin dəyişməz mövqeyinin, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin təqdimatı oldu. Cənab İlham Əliyev tarixi Zəfərimizdən ötən iki ildən artıq dövrdə şanlı hərbi Qələbəmizin siyasi müstəvidə də təsdiqlənməsi istiqamətində atılan addımlardan və uğurlu nəticələrdən bəhs etdi.

Reallıq budur ki, əksər dünya gücləri Azərbaycanın haqlı olduğunu təsdiqləyir, müharibənin nəticələrini qəbul edir, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Azərbaycanla Ermənistan arasında yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasına dəstək göstrməyə hazır olduqlarını, səylərini əsirgəməyəcəklərini bildirirlər. Azərbaycanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində səyləri beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Ermənistan isə hər vəchlə sülh müqaviləsinin imzalanması prosesinin uzanması üçün müxtəlif yollara, xüsusilə təxribatlara əl atır.

Dövlət başçısı İlham Əliyev müsahibəsində Ermənistanın ötən dövr ərzində törətdiyi təxribatlara, Azərbaycan Ordusunun onların qarşısını qətiyyətlə almasına diqqəti yönəldərək bildirdi ki, bundan sonra belə halların olmayacağına ümid edirəm: “Çünki son bir il ərzində - mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz və istədiyimizə nail oluruq və hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz. Bu, birincisi. İkincisi, həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir. Çünki mən bunu demişəm, artıq vizual müşahidə bizə imkan verir ki, istənilən təhlükəni bəri başdan görək və onun qarşısını alaq. Hesab edirəm ki, artıq 3 dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq.”

Cənab İlham Əliyev müsahibəsində tarixi ədalətə, real faktlara əsaslanan bu çağırışı da ifadə etdi ki, Qərbi Azərbaycana qayıdacağıq. Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusunu beynəlxalq arenaya çıxarmışıq. Xüsusi işçi qrupu yaradılıb və vahid konsepsiya üzərində işlər başlanıb. Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır.

Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmasının Ermənistanın marağında olduğunu önə çəkən Prezident İlham Əliyev belə bir reallığı da diqqətə çatdırdı ki, bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, bu monodövlət damğasını öz üzərindən götürsün.

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, müsahibəsi özündə bu günümüz və gələcəyimiz üçün xüsusi əhəmiyyət kəsb edən hədəfləri ehtiva edir və onlara nail olmaq üçün bütün imkanların mövcudluğunu əminliklə bildirir. Son iki ildə tarixi Zəfərimizin Azərbaycanın siyasi mövqeyinin möhkəmlənməsinə nə dərəcədə təsir göstərdiyi göz önündədir. Azərbaycan sülh gündəliyinin və yeni əməkdaşlıq fomatlarının müəllifi kimi mövqeyini möhkəmləndirir. Qalib Azərbaycanın qarşısında yeni imkanlar açılıb. Azərbaycanın bütün proqramları bütün sahələrdə bir qayda olaraq icra edilir. Ölkəmiz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmir.

DİGƏR Xəbərlər Arxiv