YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

44 günlük İkinci Qarabağ müharibəsindən iki ildən artıq vaxt keçməsinə baxmayaraq tarixi Zəfərimizi şərtləndirən amillər, Ordumuzun gücü, qüdrəti geniş şəkildə təhlil edilir və bu reallıq bir daha diqqətə çatdırılır ki, Azərbaycan xalqı öz torpaqlarına, tarixinə sahib çıxan, yenilməz, məğrur xalqdır.

Böyük qürur hissi ilə qeyd edirik ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz dünyanın hərb tarixinə yeni səhifə yazdı. Bu gün dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə təcrübəsi öyrənilir. Əks-hücum əməliyyatlarında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət sayəsində 44 günün hər günü tariximizə zəfər səhifəsi kimi yazıldı. Bu uğurlara yol açan möhkəm təməldir.  Bu təməl 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaradılıb.  Hakimiyyətə qayıtmaqla ordu quruculuğu sahəsindəki islahatları ilə müdafiə qüdrətimizi gücləndirən ümummilli lider Heydər Əliyev vurğulayırdı ki, müstəqilliyin əbədiliyi, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Bunun üçün iqtisadi qüdrətin artırılması vacib idi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi imkanlarının genişlənməsinə yol açdı ki, bu da öz növbəsində ordu quruculuğu sahəsində mühüm addımların atılmasını şərtləndirdi. Ulu Öndərin ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatların məntiqi nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü 50 ordusu sırasında yer alması, 30 ilin işğalına son qoyularaq, ədalətin bərpası, ərazi bütövlüyümüzün təmin edilməsi, işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasıdır.

Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir daha diqqəti ordu quruculuğu sahəsində atılan addımlara və qazanılan nəticələrə yönəltdi. Bildirdi ki, Ordumuz müharibə zamanı öz gücünü, iradəsini, xalqımız bütövlükdə əyilməz ruhunu göstərdi. Ordumuzun gücləndirilməsi heç kimə sirr deyildi. 44 gün ərzində bir gün də belə geri addım atmadıq, bir nəfər də fərari olmadı. Bu, dünya hərb tarixində bəlkə də misilsiz bir göstəricidir.

“Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, yəni, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır” söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, Komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Xüsusi Təyinatlı Qüvvələrimizin sayı ən azı iki dəfə artırılıb və artıracağıq.

Cənab İlham Əliyev müsahibəsində bu çağırışı da səsləndirdi ki, biz Ermənistanla məsələni həll etmişik.  Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil. Həm iradə, həm də özündə əminlik olmalıdır.

Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Ölkəmizin geosiyasi imkanları artır. Təbii resurslarımız, güclü ordu, qüdrətli iqtisadiyyat, vahid xalq, vətəndaş həmrəyliyi, hərbi sənaye kompleksinin mövcudluğu bunu böyük inamla səsləndirməyə əsas verir. Dövlət başçısı uğurlarımıza söykənərək müəyyənləşdirilən hədəfləri açıqlayaraq “Mən şübhə etmirəm ki, biz istədiyimizə nail olacağıq” əminliyini ifadə etdi. Vurğuladı ki, çünki keçmişimiz, hədəfə doğru getdiyimiz sürət və nəticələr bunu deməyə əsas verir: “Əminəm ki, 2023-cü ildə bizi çox yaxşı anlar gözləyir. Çünki bilirsiniz, dünyada mümkün olmayan bir şey yoxdur... Pozulmuş ədaləti bərpa edirik, hələ tam bərpa etməmişik, amma bərpa edəcəyik, mənim şübhəm yoxdur və əminəm ki, Azərbaycan xalqı da bu nikbinliyi bölüşür.”