YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2022-ci il - Azərbaycan idmanı üçün uğurlu il

Varis Rüstəmov

YAP Sabirabad rayon təşkilatının sədri

Tarixən ölkəmizdə idmanın müxtəlif növləri inkişaf etmiş, ayrı-ayrı idman növləri üzrə güclü idmançılar yetişmişdir. Ulu öndərin hakimiyyətə gəlişindən sonra ölkəmizdə bir çox sahələr kimi, idmanın da inkişafı istiqamətində mühüm işlər həyata keçirib. Müxtəlif dövrlərdə respublikamıza rəhbərlik edən dahi şəxsiyyətin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan əsl idman ölkəsinə çevrilib. Olimpiya hərəkatının inkişafına xüsusi önəm verən ümummilli liderin diqqət və qayğısı nəticəsində idmançılarımız beynəlxalq arenalarda yüksək naliyyətlər qazanıblar. Bu missiya indi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Cari ilin yanvar ayının 9-da ötən ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib. Mərasimdə çıxış edən ölkə başçısı İlham Əliyev 2022-ci ilin Azərbaycan idmanı üçün uğurlu il olduğunu vurğulayıb. Prezident İlham Əliyev idman sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirmiş, həmçinin idmançılarımızın ölkəmizi dünya və Avropa çempionatlarında ləyaqətlə təmsil etdiklərini xüsusilə qeyd edib.

Cənab Prezident çıxışında qeyd etmişdir ki, “Ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər”

Bu da öz növbəsində dövlətimizin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.  Dövlətimiz tərəfindən idmançılarımıza göstərilən qayğı onlarda böyük ruh yüksəkliyi oyadır. Prezident İlham Əliyev idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə edilməsi üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradıb. Respublikamızda idman bölmələrinə axın edən gənclərin sayı günü-gündən artmaqdadır. Ölkəmizin əksər regionlarında müasir standartlara cavab verən Olimpiya İdman kompleksləri, stadionlar və idman zalları tikilərək idmançılarımızın istifadəsinə verilir.

Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün addımlar atılır və gələcəkdə də lazımi işlər görüləcəkdir. Məsuliyyəti artan gənclik isə bu diqqət və qayğını yüksək qiymətləndirir, ölkəmizin inkişafına, beynəlxalq aləmdə nüfuzunun daha da artmasına və qarşıya qoyulan vəzifələrin real həyata vəsiqə qazanmasına öz töhfələrini verir.