YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın milli bayramı Los-Ancelesdə təntənəli şəkildə qeyd edilib

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu ölkəmizin milli bayramı - Respublika Günü ilə əlaqədar təntənəli tədbir keçirib. Səkkiz yüz nəfərədək qonağın iştirak etdiyi tədbir bir çox maraqlı məqamlarla yadda qalıb. Bayram tədbiri “Tolerantlıq və dinlərarası harmoniyanın musiqili bayramı” devizi altında Los-Ancelesin ən qədim kilsələrindən biri olan İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində keçirilib. “İsa Məsihin Sonuncu Gün Müqəddəsləri” dini cərəyanı ABŞ-ın ən nüfuzlu dini cərəyanlarından biridir.

Tədbirdə bir sıra ölkələrin baş konsulları, müxtəlif dini icmaların rəhbərləri, Los-Anceles vilayət və şəhər rəsmiləri, elm və mədəniyyət xadimləri, diaspor üzvləri və digərləri iştirak ediblər.

Azərbaycanın və ABŞ-ın dövlət himnlərinin ifasından sonra çıxış edən ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev belə bir mənalı və tarixi önəm daşıyan tədbirə ev sahibliyi etdiyinə görə İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinə təşəkkürünü bildirib. Baş konsul qeyd edib ki, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti də məhz Azərbaycan xalqının qədim tolerantlıq ənənələrinə söykənərək, heç bir ayrı-seçkilik qoymadan müxtəlif dini və etnik azlıqların təmsil olunduğu parlament və hökumət formalaşdırmış, tam dini etiqad azadlığını təmin etmişdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu tolerantlıq ənənələrini uğurla davam etdirir və respublikamızda bütün dini icmaların dinc və qarşılıqlı hörmət şəraitində birgə yaşamaları üçün hər cür şərait yaradılıb. Baş konsul vurğulayıb ki, dünyanın müxtəlif bölgələrində dini ixtilafların baş qaldırdığı bir dövrdə Azərbaycanın nümayiş etdirdiyi uğurlu tolerantlıq modeli bütün dünya üçün gözəl bir örnəkdir.

Daha sonra baş konsul Respublika Günü ilə əlaqədar Nevada, Nyu-Meksiko, Havay və Arizona ştatlarının qubernatorları, Los-Anceles də daxil olmaqla Kaliforniyanın 10 şəhəri tərəfindən qəbul edilmiş, həmin ştat və şəhərlərdə 28 mayın “Azərbaycan Milli Günü”nün elan edilməsinə dair bəyannamələri, həmçinin bu məqsədlə baş konsulluğa ünvanlanmış təbrik məktublarını qonaqların diqqətinə çatdırıb. Sonra 10 milyonluq Los-Anceles Vilayətinin İdarə Heyəti adından Respublika Günü münasibətilə qəbul edilmiş təbrik bəyannaməsi baş konsula təqdim olunub.

“İsa Məsihin Sonuncu Gün Müqəddəsləri” dini cərəyanının Los-Anceles nümayəndəliyinin rəhbəri Stiven Rad çıxış edərək müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanın öz sevimli milli gününü kilsədə müxtəlif etiqadlara mənsub insanlarla birgə keçirməsinin çox önəmli hadisə olduğunu bildirib. O, belə addımların dünya xalqları arasında dostluğa və qarşılıqlı ehtirama böyük töhfə verdiyini qeyd edib.

Los-Ancelesdə fəaliyyət göstərən nüfuzlu Sinay sinaqoqunun idarə heyətinin, Los-Anceles yəhudi icmasının tanınmış üzvü Keri Lerman hazırda çətin sınaqlarla üzləşən bəşəriyyət üçün Azərbaycanın öz milli-mədəni dəyərləri və ənənələri ilə nümunəvi bir model təşkil etdiyini bildirib. K.Lerman bir müddət əvvəl Azərbaycanda səfərdə olduğunu qeyd edərək, ölkəmizin sürətli inkişafının, xüsusilə qədim tolerantlıq ənənələrinin gündən-günə daha da güclənməsinin əyani şahidi olduğunu vurğulayıb. Digər icmalar kimi yəhudilərin də əsrlər boyu Azərbaycanda hər hansı təqibə və ya ayrı-seçkiliyə məruz qalmadan yaşadığını bildirən K.Lerman Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş dağ yəhudisi Albert Aqarunova Milli Qəhrəman adının verilməsinin və onun xatirəsinin daim ölkəmizdə əziz tutulmasının ibrətamiz bir hadisə olduğunu qeyd edib.

Tədbir konsert proqramı ilə davam edib. Tanınmış azərbaycanlı orqan ifaçısı, Texas Universitetinin professoru Cəmilə Cavadova, türk opera müğənnisi Oya Ergün və pianoçu Cem Oslu tərəfindən Azərbaycan və Avropa klassik bəstəkarlarının əsərlərinin ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sonda tədbir iştirakçılarına Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub.

 

DİGƏR Xəbərlər Arxiv