YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli qürur rəmzi

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycanlıların həmrəylik modelinin, xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümummilli Liderin birbaşa təşəbbüsü və konkret addımları sayəsində dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesi diqqət mərkəzində saxlanılıb. Ulu öndər Heydər Əliyev 1991-ci ildə dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur, dünya azərbaycanlılarının həmrəyliyinin təmini məsələsi öz həllini tapmışdı.

Milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hissləri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının mənəvi borcudur. Ulu öndər Heydər Əliyev həmrəylik ideyasının reallaşması üçün dünyanın bütün guşələrində yaşayan azərbaycanlıların vahid təşkilati strukturda birləşməsini vacib məsələ kimi diqqətdə saxlayırdı. Azərbaycanlıların həmrəylinin əsas prinsipləri yığcam şəkildə Ümummilli Liderin aşağıdakı fikirlərində ifadə olunub: "Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir". Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.

Azərbaycançılıq amalı ətrafında milli-mənəvi bütövləşmə hərəkatının başlanğıcını qoymuş ulu öndər Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirməklə, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb. Məhz bunun üçün xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edirlər.

Azərbaycan millətinin birlik şüarının simvolik günü ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Bu günün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Azərbaycan xalqının milli həmrəyliyi 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasında mühüm rol oynadı. Haqq, ədalət savaşı Azərbaycanda formalaşmış milli həmrəyliyin təcəssümü oldu. Bu tarixi Zəfərə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və həmvətənlərimiz də dəyərli töhfə veriblər. Onlar da doğma Azərbaycanımızın haqq işi naminə qüvvələrini birləşdirərək yaşadığı ölkələrin ictimaiyyətinə Vətən müharibəsi barədə doğru-düzgün məlumatlar çatdırıblar. Harada yaşamasından asılı olmayaraq Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi çox sevindirici haldır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulayıb ki, “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur” Eyni zamanda II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Böyük Qələbə xalqımızı daha da birləşdirdi. Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində deyib: “Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir”

“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Ulu öndər Heydər Əliyevin fəxrlə, qürurla səsləndirdiyi bu kəlamlar bu gün hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilib.

DİGƏR Xəbərlər Arxiv