YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Bayramov: İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının birliyini bir daha nümayiş etdirdi

“Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi zərurətə çevrilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdılıb. Bu vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verib. 1991-ci ilin 16 dekabrında Azərbaycan xalqınının ümummilli lideri, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.” Bu fikirləri Milli Məclisin deputatı  Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan zaman-zaman parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür.Bu sırada iş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da var. Yəni, müxtəlif səbəblərdən  azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılıblar.Beləliklə də, Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin (MDB) digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranıb. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Bu gün dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir və harda yaşamasından asılı olmayaraq ,onların hər biri üçün milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil  Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da, məhz, Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunaraq  yaşamasına qayğı təşkil edir.

Deputat vurğulayıb ki, dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, vətənimizin haqq davası yolunda daha da sıx birləşdilər.  İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında  səfərbər olduğunu bir daha nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ildir ki, pozulmuş ərazi bütövlüyümüzü təmin etdi. Xalqımızın 30 illik doğma yurd, el-oba, torpaq həsrətinə son qoyuldu. Məhz milli birliyimiz, dünyada yaşayan 50 milyon azərbaycanlının üçrəngli, ay–ulduzlu bayrağa sarılaraq bir amal ətrafında bütövləşməsi döyüş ruhumuzu, qələbə əzmimizi yüksəltdi, Prezident İlham Heydər oğlunun sərkərdəliyi ilə tariximizin şanlı zəfər səhifəsi yazıldı. 2020-ci ilin noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bu Qələbənin məhz birliyimiz hesabına əldə olunmasını xüsusi vurğulayaraq dedi: «Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk! Dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq!»

Deputat qeyd edib ki, dünya azərbaycanlıları yaşadıqları ölkələrdə ölkəmizin haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Xaricdə yaşayan həmvətənlərimiz  müstəqil dövlətimizin beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan mövqeyinin xarici ölkələrdə geniş auditoriyaya çatdırılmasında fəal iştirak etdilər. Bu, Ümummilli Liderin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dünya azərbaycanlıları birliyinin milli maraqlar ətrafında böyük zəfəridir.

DİGƏR Xəbərlər Arxiv