YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətənimiz Azərbaycan naminə birliyimiz alın yazımızdır

Həmrəylik, milli birlik bütövlükdə hər bir xalqın nicat yoludur. Tarixin bütün zamanlarında xoşbəxtlik, zəfər şübhəsiz ki, milli birliyin əsasında yaranaraq, toplumu qüdrətli və məğlubedilməz etmişdir. Azərbaycan xalqının böyük övladı, Ümummilli Lider Heydər Əliyev hələ keçmiş ittifaq dönəmində bu ideologiyanın təməlini yaradaraq, milli birliyimizin əsasını qoymuşdur. Keçmiş ittifaqın müxtəlif nüfuzlu ali məktəblərində gənclərin təhsil almalarına, həmvətənlərimizin yüksək vəzifəyə təyin olunmasında və onların toparlanmasında şübhəsiz, Ulu Öndərin misilsiz xidmətləri var. Bütün fəaliyyəti dövründə Vətəninə bağlılıq, xalqın milli birliyinə nail olmaq kimi müqəddəs dəyərlərin təbliğatçısı və ideoloqu olaraq ulu öndər Heydər Əliyev tarixi bir qərarın müəllifi kimi növbəti dəfə nümunə göstərdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasda hər il 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi bayramı kimi qəbul edilməsi qərara alındı.

Bu fikirləri Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov söyləyib.

Alim qeyd edib ki, həmin dövrdən başlayaraq, 31 dekabrın dünya azərbaycanlıları tərəfindən rəsmi bayram kimi keçirilməsinə başlanıldı.

“Belə bir istəyin gerçəkləşməsi isə əslində xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq, 31 il ərzində xoş ənənəyə, dünya azərbaycanlılarının, hər bir azərbaycanlının gələcəyə inam və ümid simvoluna, vəhdət rəmzinə çevrilib. Bu birlik ötən müddətdə dahi şəxsiyyətin strategiyasını rəhbər tutan Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə reallaşdırılıb. Bu bağlılıq dünyanın müxtəlif coğrafiyalarında məskunlaşan soydaşlarımız arasında həmrəyliyi getdikcə gücləndirib, dövlətçiliyimizə, dilimizə, dinimizə, milli-mənəvi varlığımıza, həmçinin ümumbəşəri dəyərlərə sevgimizi daha da artırıb. Bütün bunlarla bərabər, 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd edilməsini həm də uzun bir zaman müddətində iki yerə parçalanan xalqımızın həsrət, ayrılıq hissləri şərtləndirib.

Şübhəsiz ki, bu amilin gerçəkləşməsində o dövrdə Arazın hər iki sahilində başlanan sərhəd dialoqu, eyni zamanda, torpağı iki yerə bölən sərhəd dirəklərinin aşırılması, Vətən dərdi ilə üzləşən şimallı-cənublu insanların birləşmək, bir millət olaraq, haqq səsini bütün dünyaya yaymaq arzusu böyük rol oynayıb. Bir sözlə, tarixin o unudulmaz sərhəd hadisəsi Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirərək, şimalda müstəqil dövlətçilik uğrunda müqəddəs mübarizəyə aparan soydaşlarımızın azadlıq mücadiləsinin tərkib hissəsinə çevrildi. Bax, o vaxtdan cənub qardaşlarımızın özünü qabarıq büruzə verən azadlıq mübarizəsi bu gün də səngimir və istiqlal çarpışması hazırda da diqqət çəkir. Arazın o tayındakı birliyin, səfərbərliyin xoş bir nəticə verəcəyinə, illərlə yaşanılan inam və ümidin gerçəkləşəcəyinə hamı inanır”, - deyə E.Bağırov söyləyib.

O, dünya azərbaycanlılarının həmrəylik bayramı ərəfəsində tarixi bir məqamı xatırladaraq deyib: “Ümummilli Lider Heydər Əliyev istər Naxçıvanda, istərsə də xalqın təkidi ilə yenidən Azərbaycan rəhbərliyində olduğu illərdə dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxladı. Ulu Öndər həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu və adını tarixə həm də dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı, ən başlıcası isə ümidgahı kimi yazdırdı. Bu, dahi şəxsiyyətin xarici ölkələrə səfərləri zamanı özünü qabarıq büruzə verdi. Dahi rəhbər həmin səfərlər çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə onların problem və qayğıları ilə dərindən maraqlandı, daha sıx təşkilatlanması, birləşməsi üçün dəyərli tövsiyələr söylədi. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyev prezidentlik fəaliyyətinin ötən 19 ilində xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini daim diqqətdə saxlayıb, bu məsələyə dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi yanaşıb. Ölkə rəhbəri elə buna görə də mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə böyük əhəmiyyət verib. Bir sözlə, Prezident İlham Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edib. Dövlətimizin başçısının siyasi iradəsi ilə bu məsələ xaricdə yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına önəmli təsir göstərib”.

Alim qeyd edib ki, bütün bunların nəticəsidir ki, İkinci Qarabağ savaşı getdiyi günlərdə xaricdə məskunlaşan azərbaycanlılar düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları ilə diqqət çəkdilər. Onlar Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında səmərəli fəaliyyət göstərərək, tarixi qələbəmizə layiqli töhfə verdilər.

Sonda Emin Bağırov əlavə edib ki, əsası Ulu Öndər tərəfindən qoyulan bu həmrəylik ölkəmizin daxilində də özünü qabarıq şəkildə büruzə verdi. Vətən savaşı zamanı xalq-Prezident birliyinin rəmzinə çevrilmiş “Dəmir yumruq” böyüklüyümüzü, bütövlüyümüzü bütün dünyaya sübut etdi və haqlı qələbəmizdə əvəzsiz rol oynadı.

Proseslər sübut etdi ki, həmrəyliyimiz, milli birliyimiz qüdrəti olmağımızın təminatıdır.

Qələbəni birliklə qazanmaq mümkündür, necə ki, biz bunu bacardıq! Vətənimiz Azərbaycan naminə isə birliyimiz alın yazımızdır!