YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Güclü, qüdrətli, qalib Azərbaycan dünya azərbayanlılarının qürur mənbəyidir!

Fəqət Şadlinskaya 

YAP Bərdə rayon təşkilatının sədri

“Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk Qurultayı xatırlayırdım. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk Qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V Qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu Qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, Qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir.” Dövlət başçısı İlham Əliyevin bu ilin aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbayanlılarının V Zəfər  Qurultayında səsləndirdiyi bu fikirlər keçilən yolun aydın mənzərəsini yaradır. 

Cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki,  xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim  təmasdadırlar və müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya  təkmilləşir: “Bu da çox vacibdir. Əlbəttə, biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün. İndi bu gün biz qurultayı Şuşada keçiririk. Ancaq azad edilmiş ərazilər 10 min kvadrat kilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gəliş-gediş çox rahat olacaq.”

Dünya azərbaycanlılarının Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi hər zaman dövlətimizin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir.  Ümummilli lider Heydər Əliyevin “Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməliyik” tezisinin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirir ki, əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar ilk növbədə Azərbaycan dilini bilməlidirlər. Burada əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də  hər zaman kömək göstərməyə hazırıq. Əslində bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir. İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidirlər.

Ümummilli Liderin dünya azərbaycanlılarının qurultayının keçirilməsi təşəbbüsü və Sərəncamına uyğun olaraq 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının, sonrakı illərdə bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin Sərəncamları əsasında  2006-cı ildə  II Qurultayın,  2011-ci ildə  III Qurultayın, 2016-cı ildə  IV Qurultayın və 2022-ci ildə V Zəfər Qurultayının keçirilməsi birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanla əlaqələrin daha sıx olmasını təmin etdi. Zəfər Qurultayı dövlətimizin qətiyyəti, Prezident,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, xalqımızın birliyi sayəsində qazandığımız möhtəşəm Qələbəmizi Qarabağın tacı Şuşadan bir daha dünyaya çatdırdı.  44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” birliyimizin, həmrəyliyimizin, gücümüzün təqdimatıdır. Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində bildirmişdi: “Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir.”