YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Azərbaycanla ABŞ arasında çox intensiv dialoq mövcuddur

Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında bərabərlik, qarşılıqlı hörmət və enerji təhlükəsizliyi, beynəlxalq cinayətkarlıqla birgə mübarizə, terrorçuluğa qarşı sülhməramlı əməliyyatlarda birgə əməkdaşlıq var. Eyni zamanda, ABŞ bəzi istiqamətlərdə Azərbaycanda bir sıra qurumların inkişafına əhəmiyyətli dərəcədə dəstək verir.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın çox uğurlu enerji siyasəti daha geniş coğrafiyada, Avropa qitəsində bir sıra digər ölkələrə töhfə verir. Azərbaycan bu sahədə son onilliklər ərzində çox etibarlı tərəfdaş hesab edilir. ABŞ-ın bu layihələrə çox böyük siyasi dəstəyi olub. ABŞ-ın şirkətləri bu işlərdə çox fəal iştirak edib.

“Bu gün də bu sahədə bizim çox yaxşı əməkdaşlığımız var. Azərbaycanla ABŞ arasında çox intensiv dialoq mövcuddur. Hesab edirəm ki, il ərzində bölgədə dayanıqlı sülhün təmin edilməsi, vasitəçilik sahəsində ABŞ tərəfindən bir sıra təkliflər gəlib. Bu il ABŞ Dövlət katibinin Prezident İlham Əliyevlə 9 telefon danışığı baş tutub. Dövlət rəsmilərinin Azərbaycana çoxsaylı səfərləri olub”, - deyə nazir bildirib.

Ceyhun Bayramov qeyd edib ki, ABŞ-ın Dövlət katibinin iştirakı ilə Azərbaycanın rəsmi nümayəndə heyətinin sentyabr ayında görüşü olub, danışıqlar keçirilib. Azərbaycanın və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli telefon danışığı təşkil edilib. Bir sıra təşəbbüslər var və bu, sülh prosesinə də müsbət töhfə verir.

Azərbaycan və ABŞ arasında əməkdaşlığın perspektivlərinin böyük olduğunu diqqətə çatdıran nazir deyib: “Azərbaycan Respublikası bu məsələdə maraqlıdır. Çoxsaylı görüşlər və müzakirələr olub. Eyni zamanda, milli təhlükəsizlik məsələləri üzrə ABŞ Prezidentinin müşaviri, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi və Ermənistanın Təhlükəsizlik Şurasının katiblərinin iştirakı ilə görüş keçirilib. 2023-cü ildə bu təmaslar daha da intensiv olacaq”.