YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Türk dövlətləri arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib

“Prezident İlham Əliyevin dekabrın 14-də Türkmənistana səfəri burada Azərbaycan-Türkiyə və Türkmənistanın iştirakı ilə keçirilən Zirvə toplantısında iştirakı mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı Üçtərəfli Zirvə Görüşündə çıxışında regionda yaranmış yeni reallıqlardan, formalaşan yeni konfiqurasiyadan, türk dövlətlərinin bu prosesdəki iştirakından bəhs edib. Artıq türk dövlətləri arasında yeni inkişaf strategiyası və əlaqələri formalaşmaqdadır. Bu baxımdan atılan addımlar məhz bu birliyi daha çox irəliyə aparmağa, münasibətlərin tarixi, mənəvi tərəfləri ilə paralel iqtisadi əsaslarda da inkişafını özündə ehtiva edir.” Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, bu gün türk dövlətləri arasında etibarlı əməkdaşlıq mövcuddur: “Azərbaycan, Türkiyə və Türkmənistan arasındakı etnik, dini-mədəni köklər, ortaq mənəvi dəyərlər birliyə mühüm töhfə verir. Məhz tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimizin iqtisadiyyat, ticari, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığına xidmət edir. Sözsüz ki, bu istiqamətdə mühüm bir inkişaf xətti formalaşır”.

Deputat hesab edir ki, artıq türk dövlətləri arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib: “Azərbaycanın Türkiyə ilə yanaşı Türkmənistanla əlaqələri yüksək səviyyədə təşkil edilib. Qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi artıq münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Eyni zamanda Azərbaycanla Türkmənistan arasında da 2017-ci ildə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bütün bunlarla yanaşı hər üç dost, qardaş ölkə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir. Çünki bu dostluğun, müttəfiqliyin, qardaşlığın başlıca şərti kimi qəbul edilir. İndiki mərhələdə ölkələrimiz arasında mövcud iqtisadi əməkdaşlığın inkişaf dinamikası da bunu təsdiq edir. Misal üçün 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara səviyyəsinə yüksəlib. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə qoyuluşu olub. Türkmənistanla da Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində artıq 5 dəfə artım qeydə alınıb. Hər üçün ölkənin nəqliyyat-logistika sahəsində əldə edilən böyük uğurları burada mühüm önəm kəsb edir. Bu istiqamətdə ölkələrimiz tərəfindən bir çox layihələr icra edilib. Bütün bunlar sözsüz ki, öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasını təşviq edir. Yaddan çıxarmaq olmaz ki, Azərbaycan vacib və önəmli tranzit ölkəsi kimi bu əlaqələrin daha da genişlənməsində başlıca rola malikdir. Çünki ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı kimi aktiv mövqeyə sahibdir. Sözsüz ki, regionun yeni tranzit imkanları baxımından Zəngəzur dəhlizinin əhəmiyyəti də diqqətdən kənarda saxlanılmamalıdır. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlər bəlli səviyyədə yekunlaşmaq üzrədir. Bu mənada dəmir yolu xətti üzrə 40 faiz, avtomobil yolu üzrə 70 faiz işlər icra olunub. Eyni zamanda qarşıda duran bütün işlərin 2024-cü ildə tamamlanması mümkün olacaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bölgədə yeni tranzit imkanları yaranacaq ki da iqtisadi əlaqələrin daha səmərəli formada təminata təkan verəcək”.

 Səfər çərçivəsində imzalanmış  sənədlər      “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”,  “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”, “Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum”, “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” və   “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” Azərbaycan-Türkiyə-Türkmənistan arasında əlaqələrin yüksələn xətlə inkişafına yeni imkanlar yaradacaq.