YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Əbədiyaşar Lider və onun sevdiyi ölməz nəğmələr”

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkialtçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar “Əbədiyaşar Lider və onun sevdiyi ölməz nəğmələr” adlı tədbir keçirilib.

Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai birliklərin sədrləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları tərəfindən öncə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. Daha sonra rayon icra hakimiyyətinin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov Ulu Öndərin mənalı həyatı və misilsiz xidmətlərindən danışıb. O qeyd edib ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində ömrünü öz xalqına həsr edən Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Məhz onun müdrik siyasəti nəticəsində Azərbaycan qısa zamanda regionun lider dövlətinə çevrilib, Ulu Öndərin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində düşünülmüş addımları öz bəhrəsini verib. Belə ki, Heydər Əliyevin vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyevin rəhbərliyi altında Ermənistanın işğalçılıq siyasətinə son qoyulub, torpaqlarımız azad edilib.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin fəaliyyəti çoxşaxəli və çoxtərəflidir. Müstəqillik illərində dövlətimizin dayaqlarının möhkəmləndirilməsi, atəşkəsin əldə olunması, “Əsrin müqaviləsinin” imzalanması və əlbəttə, ordu quruculuğunda əldə olunan nailiyyətlər bugünkü uğurların təməlində dayanır. Əgər vaxtı ilə doğru strateji addımlar atılmasa idi, bugünkü qələbəmiz üçün hüquqi, hərbi və iqtisadi əsaslar olmazdı. Azərbaycan neftinə olan dünya ölkələrinin maraqlarının düzgün proqnozlaşdırılması və doğru qiymətləndirilməsi ölkəmizə böyük mənfəətlər gətirib.

Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev, Əməkdar artist, ADMİU-nin dosenti, rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov vurğulayıblar ki, vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi xalqımızın Ümummilli Lideri, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun uca zirvəyə qaldırdığı Azərbaycan və azərbaycançılıq məfkurəsi bu gün Prezident İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf etdirilir.

Tədbir bədii hissə ilə davam edib.