YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dahi şəxsiyyətin ideyaları dünənimizin, bu günümüzün və gələcəyimizin əsasıdır

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Qüdrətli, güclü, qalib Azərbaycan hər birimizin qürur mənbəyidir. Azərbaycanın bu gününü dünəni ilə müqayisə etdikdə böyük inkişafın, tərəqqinin şahidinə çevrilməklə yanaşı, belə bir reallığı da təsdiqləmiş oluruq ki, lider hər dövlətin uğurlu gələcəyində əsas faktordur. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklər, faciələr hər kəsə məlumdur. O illərdə ölkəyə rəhbərlik edən ünsürlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu hər bir  addımlarında özünü büruzə verirdi. Azərbaycan bütün sahələrdə uğursuzluqları ilə diqqətdə idi. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar baş alıb gedir, Silahlı Qüvvələrin torpaqların deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etmələri  ərazilərimizin işğalına yol açmışdır. Günbəgün gərginləşən vəziyyət xalqın sabaha ümidini itirdi, öz xilaskarına üz tutmasını şərtləndirdi. Dahi şəxsiyyət Heydər Əliyev canından artıq sevdiyi Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etmək üçün  xalqının səsinə səs verdi. Belə ki, Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə bütün çətinliklərə rəğmən xalqı öz arxasınca apararaq, ölkəni düşdüyü böhrandan xilas etdi, hər bir azərbaycanlının qəlbində “müstəqil Azərbaycan” adlı abidəni ucaltdı. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” söyləyən ümummilli lider bildirirdi ki, həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm.

Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması bundan da çətindir. Müstəqilliyimizin ilk illərində parçalanmaq, dağılmaq, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşayan Azərbaycan 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra sözün əsl mənasında müstəqil, azad, firavan ölkə sevincini yaşamağa başladı. Ümummilli Liderin parlaq siyasi zəkası, bacarığı, istedadı sayəsində yeni Azərbaycan, onun bugünkü gerçəklikləri yaradıldı və gələcəyə aparan yol müəyyən edildi. Ulu öndər Heydər Əliyev Vətən, torpaq, xalq sevgisindən ilham alaraq, hakimiyyətinin hər iki dövründə Azərbaycanın gələcəyi üçün biri-birindən əhəmiyyətli addımlar atdı. Dahi şəxsiyyətin ideyaları dünənimizin, bu günümüzün və gələcəyimizin əsası kimi dəyərləndirilir, daim Azərbaycanı inkişafa, tərəqqiyə aparır.

Azərbaycan xalqının dünyanın xoşbəxt xalqları sırasında yer almasının əsasında da dövlətinin, xalqının gələcəyini düşünən Liderinin olması dayanır. 1993-2003-cü illərdə Azərbaycan üçün möhkəm təməl yaradan ulu öndər Heydər Əliyev 2003-cü ildə tarixi müraciəti ilə ölkəmizin gələcəyi barədə aydın təsəvvür yaratdı. Belə ki, Ümummilli Lider həmin müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını  bildirərək  axıra çatdıra bilmədiyi planları, işləri cənab İlham Əliyevin xalqın dəstəyi ilə axıra çatdıracağına əminliyini ifadə etdi.

Təbii ki, əsas amalımız, hədəfimiz torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması idi.  Azərbaycan bu uğura da imza atdı. Son 19 ilin 17 ilini torpaqlarımızın işğaldan azad edilməsi işinə həsr edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tarixi ədalət bərpa olundu, Azərbaycan qalib ölkə kimi dünya birliyində nüfuz qazandı. Həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlük qazanan Azərbaycan bir daha dünyaya nümayiş etdirdi ki, faktlara, tarixi həqiqətlərə əsaslanan siyasət, təbliğat hər zaman uğurlara yol açar. Azərbaycan diplomatik uğurları ilə döyüş meydanında  üstünlüyünü təmin etdi.

Artıq Heydər Əliyev siyasətinin təntənəsi olan tarixi Zəfərimizin ikinci ilini arxada qoyduq. Bu iki il həm işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, həm də postmünaqişə dövrünün reallıqları əsasında Azərbaycanın regionda və dünyada mövqeyinin daha da möhkəmlənməsi baxımından zəngin dövrdür. Azərbaycan sülh gündəliyinin müəllifi kimi regionda  dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına səy göstərir. Ölkəmiz sülh, əməkdaşlıq, dostluq mesajları ilə daim dünyanın diqqətindədir.