YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan münasibətləri yeni məzmun kəsb etməkdədir

Prezident İlham Əliyev Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bu ölkənin Baş naziri İrakli Qaribaşviliyə təbrik məktubu göndərib.

Bu əlamətdar ildönümü ilə əlaqədar Gürcüstanın Baş nazirinə və xalqına ən səmimi arzularını çatdıran dövlətimizin başçısı qeyd edib: “Əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin son otuz ildə hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə çatması böyük məmnunluq doğurur. Diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq iqtisadiyyat, enerji, nəqliyyat-logistika, humanitar və digər sahələrdə əlaqələrimizin möhkəmlənməsi üçün mühüm zəmin olmuşdur. Qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər, reallaşmış birgə layihələr çoxşaxəli əməkdaşlığımızın genişlənməsində əhəmiyyətli rol oynamışdır. Etibarlı strateji tərəfdaş olan ölkələrimizin beynəlxalq strukturlar çərçivəsində də səmərəli əməkdaşlıq etmələrini yüksək qiymətləndirirəm”.

Azərbaycan Prezidenti məktubunda Avropa ilə Asiya arasında körpü rolunu oynayan regionumuzda rifaha, sabitliyə və təhlükəsizliyə töhfə verən irimiqyaslı nəqliyyat-kommunikasiya layihələrinin müvəffəqiyyətlə gerçəkləşdirilməsində sıx işbirliyimizi xüsusi qeyd edib.

Dövlətimizin başçısı vurğulayıb ki, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan münasibətləri dinamik inkişaf edərək hazırda yeni məzmun kəsb etməkdədir. Bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar vardır.

“Əminəm ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin daim genişləndirilməsi, xalqlarımızın rifahı, ölkələrimizin və regionumuzun çiçəklənməsi naminə əməkdaşlığımızın bütün sahələrdə dərinləşdirilməsi, strateji tərəfdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim əmin-amanlıq, firavanlıq və rifah diləyirəm”, - deyə Prezident İlham Əliyev əlavə edib.