YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk xalqlarının birliyi bu gün ən yüksək zirvəyə çatıb

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

Çoxəsrlik köklərə əsaslanan türk xalqlarının birliyi bu gün ən yüksək zirvəyə çatıb. Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edən Prezident cənab İlham Əliyev türk dünyasının böyük bir ailə olduğunu deyib: ”Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq”.

Türk dünyası əlamətdar gününü yaşadı. Bu tarixi toplantı milli ortaq dəyərlərimizlə, mədəniyyətimizlə, dilimizin, dinimizin eyniliyi ilə sıx bağlı olduğumuzu, 200 milyondan çox insanın yaşadığı böyük Türk coğrafiyasının birlik və həmrəylik ideyalarına sadiqliyini dünya birliyinə bir daha göstərdi.

Ölkə Başçimiz cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bir daha bəyan edib ki, dost ölkələr bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli, siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı fəallaşdırmalıdırlar.

Eyni zamanda adı Azərbaycan tarixinə xilaskar Müzəffər Ali Baş Komandan kimi yazılan cənab İlham Əliyev Zirfə Görüşündə 44 günlük Vətən müharibəsinin otuzillik işğal son qoyduğunu, lakin onun ağır fəsadlarının hələ də qaldığını diqqətə çatdırıb: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir”.

İşğal zamanı Ermənistan bizim ərazilərimizdə bir milyondan çox mina basdırıldığını qeyd edən cənab İlham Əliyev Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşının mina partlayışları zamanı həlak olduğunu və ya ağır yaralandığını da Zirfə Görüşü iştirakçılarının diqqətinə çatdırıb.

Türk dövlətlərinin başçılarını Qarabağa və Şərqi Zəngəzura dəvət edən Azərbaycan Prezidenti ölkəmizin iki il ərzində işğaldan azad edilən torpaqlarımızda yaratdığı möhtəşəm layihələr barədə də ətraflı məlumat verib, düşmən işğalından azad edilmiş torpaqlarımızda müasir infrastruktur yaradan qardaş ölkələrə təşəkkürünü bildirib.

Onu da qeyd edək ki, Azərbaycan xalqının qətiyyəti, əzmi, gücü ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə türk birliyinin daha da güclənməsinə böyük töhfə oldu.