YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatının ərazi partiya təşkilatında partiyanın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı “Neftçilər prospekti 2” ünvanı üzrə ərazi partiya təşkilatında partiyanın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev ölkədə aparılan düzgün siyasət, 30 ildir fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı rolu, həyata keçirilən uğurlu islahatlar haqqında danışıb. M.Nağıyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin sədrliyi ilə daha da irəliləyən Yeni Azərbaycan Partiyasının hər bir üzvünü fəal olmağa çağırıb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyev çıxış edərək bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının sədri  İlham Əliyev Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin edir, vətəndaş-dövlət əlaqələrini daha da gücləndirir.

“Neftçilər prospekti 2” ərazi partiya təşkilatının sədri Rəşad Hüseynov vurğulayıb ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının xalqımızı Ulu Öndərin ideyaları ətrafında sıx birləşdirərək, ümumxalq partiyasına çevrildiyini, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini bildirib.

Sonda partiyanın həyatında fəallıq göstərən bir qrup üzvlərə fəxri fərmanlar  təqdim olunub.