YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ədalətli sülhün tərəfdarıdır

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Bu günlərdə Azərbaycan xalqı qazandığı tarixi Zəfərinin ikinci ildönümünü qeyd etdi. Azərbaycanın incisi sayılan Şuşada Prezident, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış edərək bir daha dövlətimizə qarşı qərəzli siyasət aparanlara, məkrli planlar quranlara açıq şəkildə xəbərdarlıq etdi, mesajlar ünvanladı.

Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarix yazdığını, Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklərini deyən Prezident qəhrəman övladlarımızın dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşdığını, ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırdıqlarını bildirdi. “Əminəm, Azərbaycan xalqı yaxşı anladı ki, bizim son məqsədimiz, müharibənin son məqsədi Şuşanı işğaldan azad etməkdir. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”.

Vətən müharibəsinin başa çatmasından ötən qısa müddət ərzində Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri dövlətimizin iqtisadi gücünün göstəricisidir. Hazırda Azərbaycan işğaldan azad edilmiş əraziləri sürətlə bərpa edir. Həmin ərazilərdə irimiqyaslı infrastruktur layihələr icra olunur, hava limanları, elektrik stansiyaları, sosial binalar, yaşayış evləri inşa edilir, dəmir yolları, avtomobil yolları, tunellər tikilir, körpülər salınır, yaşayış məntəqələrimiz yenidən bərpa edilir. Sevinc hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyevin müəllifliyi ilə Qarabağ və Zəngəzur yenidən qurulur, Böyük Qayıdış proqramı uğurla icra edilir.

Beynəlxalq birlik ağır müharibədən çıxan Azərbaycanın çox qısa müddət ərzində işğaldan azad edilmiş ərazidə həyata keçirdiyi meqalayihələri heyranlıq və qısqanclıqla izləyir. Biz bu işləri heç kimin dəstəyi olmadan, yalnız öz gücümüzə reallaşdırırıq. Elə buna görə də Azərbaycanın regionda çox güclü, inkişaf etmiş və qüdrətli bir ölkə olduğunu görən bəzi qüvvələr bunu qəbul edə bilmir.

Azərbaycan bu müharibədə dostunu da, düşmənini də tanıdı. Çox təəssüflər olsun ki, bu gün də təcavüzkar Ermənistanı dəstəkləyən, Azərbaycana qarşı məkirli siyasət aparan ölkələr mövcuddur. Lakin Ermənistan anlamalıdır ki, bu kimi qüvvələrə arxayınlaşmaq onlar üçün fəlakət ola bilər. Prezidentin qeyd etdiyi kimi: “İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək”.