YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan hər zaman türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib

 “Qloballaşan dünyada türk dövlətlərinin birliyinin gücləndirilməsi tarixi zərurətə çevrilib. Sevindirici haldır ki, son illər bu istiqamətdə əməli addımlar atılır. Azərbaycan bu hədəfə çatmaq üçün mühüm təşəbbüslər irəli sürür və ölkəmizin bu tarixi prosesdə xüsusi rolu var”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Millət vəkili bildirib ki, Azərbaycan türk dünyasının birləşməsinə hər zaman önəm verib. Ümummilli liderimiz Heydər Əliyev vaxtilə türk dövlətlərinin birliyinin vacibliyini vurğulayırdı və Zirvə görüşlərində bu məsələni gündəmə gətirirdi. Hazırda bu ideya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu səbəbdəndir ki, cənab İlham Əliyev bu gün Türk dünyasının liderlərindən biri kimi qəbul olunur. Noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının növbəti Zirvə Görüşünün keçirilməsi də türk birliyinin gücləndirlməsi yolunda daha bir addım oldu.

Pərvin Kərimzadə qeyd edib ki, 13 il əvvəl Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Artıq Türk dünyası böyük bir ailədir. Türk dünyası bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyev Sammitdə çıxışı zamanı türk dövlətlərinin birliyinin önəmindən, Ermənistanın 30 il ərzində işğalçılıq siyasətinin nəticələrindən, Vətən müharibəsi nəticəsində azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işlərindən ətraflı bəhs etdi. Hazırda Türkiyə şirkətləri bu prosesdə yaxından iştirak edir. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəbin, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzinin inşa olunması da Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın nümunəsidir. Zirvə görüşünün yekunlarına dair imzalanmış Səmərqənd Bəyannaməsində də TDT liderləri Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazırlıqlarını bir daha təsdiqləyiblər. Tərəflər ümumi maraq kəsb edən təhlükəsizlik məsələləri üzrə sıx əlaqələndirmə və əməkdaşlığı təmin etmək üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv dövlətlərin hökumətləri və dövlət qurumları arasında müntəzəm olaraq təhlükəsizlik məsləhətləşmələrinin davam etdirilməsi barədə tapşırıq verib, müdafiə sənayesi və hərbi sahədə daha sıx əməkdaşlığa çağırış ediblər.

Bəyannamədə dövlət və hökumət başçıları, həmçinin Zəngəzur dəhlizinin tezliklə açılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması, Avropa və Asiya arasında daha yaxşı nəqliyyat bağlantılarının genişləndirilməsi və nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verən “Özbəkistan-Qırğızıstan-Çin” və “Termiz-Məzar-i-Şərif-Kabil-Pişəvər” dəmir yolu xətlərinin tikintisi üçün üzv dövlətlərin səylərini dəstəkləyiblər. Eyni zamanda, Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyası turizm paytaxtı” elan edilməsi yüksək qiymətləndirilib. Sənəddə, habelə Türkiyə Respublikasının Bursa şəhərinin 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi alqışlanıb, şəhərdə təşkil olunan fəaliyyətlərdən məmnunluq bildirilib, eləcə də Şuşanın “2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi yüksək qiymətləndirilib, TMİF tərəfindən 2022-ci ildə Bursada və 2023-cü ildə TÜRKSOY tərəfindən Şuşada təşkil olunacaq mədəniyyət günləri daxil olmaqla, fəaliyyətlərə dəstək ifadə edilib.

Deputat bildirib ki, cənab Prezident çıxışında daha bir önəmli məsələyə toxundu. Dövlətimizin başçısı vurğuladı ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir: “Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur.Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır”.

Beləliklə, türk dövlətlərinin qarşısında mühüm hədəflər dayanır. Bu hədəflərə çatmaq üçün birliyimizin daha da gücləndirilməsi tələb olunur ki, bu istiqamətdə də əməli addımlar atılır. Qloballaşan dünya və beynəlxalq miqyasda davam edən mürəkkəb proseslər bu reallığı zəruri edir!