YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq etimadının etibarlı ünvanı -Yeni Azərbaycan Partiyası

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

Yarandığı vaxtdan etibarən xalqın, ölkənin milli maraqlarını hər şeydən uca tutan və yalnız bu amallar uğrunda siyasi mübarizəyə qoşulan Yeni Azərbaycan Partiyası şanlı tariximizin parlaq səhifələrindən biri olub qüdrətli Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi qarşıdurmaya məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Bu siyasi təşkilatın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.Sovetlər birliyinin süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi, Azərbaycanda ilk illər vəziyyət son dərəcə ağır idi. Həmin vaxt ölkəyə rəhbərlik edənlərin siyasi səbatsızlığı onsuz da ağır olan vəziyyəti getdikcə dərinləşdirirdi. Ayrı-ayrı şəxslərə xidmət edən qeyri-qanuni siahlı birləşmələrin hegemonluğu, anarxiya və özbaşınalıq xalqın əsəblərini tarıma çəkmişdi. Digər tərəfdən isə mənfur qonşumuz olan ermənilərin torpaqlarımızı hissə-hissə işğal etməsi əhalinin sabaha olan ümidini heçə endirmişdi. Artıq Azərbaycan xalqının başı üstünü qara buludlar almışdı. Ölkə vətəndaş müharibəsi həddinə çatmışdı. Azərbaycana düşmən kəsilmiş qüvvələr, hakimiyyət hərisliyində olan daxili qruplaşmalar və xarici ağalarının tapşırıqlarını can-başla yerinə yetirən satqın və xəyanətkarlar xalqımızı diz çökdürmək niyyətində idilər. Respublikamız açıq-aşkar parçalanmaq, yenicə qazanılmış müstəqilliyimizin məhv olmaq təhlükəsi qarşısında idi. Belə bir məqamda xalqı və respublikanı düşdüyü bu ağır vəziyyətdən xilas etmək üçün ölkə rəhbərliyinə dövlət idarəçiliyində zəngin təcrübəsi olan və milləti öz ətrafında birləşdirməyə qadir şəxsiyyətə böyük ehtiyac yaranmışdı. Hadisələrin gedişi xalqda belə bir inam formalaşdırmışdı: Azərbaycanı düçar olduğu bu bəladan, “olum, ya ölüm” dilemması qarşısında qalmış və hər cür məhrumiyyətlərdən, əzablardan bezmiş xalqı yalnız ulu öndər Heydər Əliyev xilas edə, müstəqilliyimizi əbədi və ərazi bütövlüyümüzü təmin etmək üçün qəti tədbirlər görə bilər.Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran ziyalıları, zəhmətkeş, vətənpərvər insanları son dərəcə narahat edirdi. Onlar xalqı arxasınca aparmağa qadir, insanlarda inam yarada biləcək siyasi partiyanın təsis olunmasına və həmin təşkilata dövlət idarəçiliyində böyük təcrübəsi olan şəxsiyyətin rəhbərlik etməsinə böyük ehtiyac yarandığını açıq şəkildə bəyan edirdilər. Söz yox ki, Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermişdi. 1990-cı ilin əvvəllərində bir sıra siyasi təşkilatlar yaranmışdı. Lakin bu qurumlar respublikanı üzləşdiyi ağır problemlərdən, iqtisadi, siyasi, mənəvi böhrandan xilas edə bilmirdi. Əksinə, vəziyyət gündən-günə pisləşirdi. Tez-tez bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq vətəndaş qarşıdurması həddinə çatdırdılar.Bu zaman ziyalılar, Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək, həmişə xalqın, Vətənin, doğma Azərbaycanın gələcəyini düşünən müdrik siyasi lider Heydər Əliyevə müraciət etdilər. Heydər Əliyevin “91-lər”ə cavabı çox gecikmədi. Kifayət qədər təsirli və dövrün mənzərəsini dolğun şəkildə təsvir edən cavabda deyilirdi: “Sizin müraciətinizlə böyük diqqət və ehtiramla tanış oldum. Müraciətinizdən, mətbuat və televiziyadan, Azərbaycanın müxtəlif bölgələrindən gələn məktublardan aldığım məlumatlardan aydın olur ki, respublikada ictimai-siyasi və sosial-iqtisadi vəziyyət son dərəcə ağırdır. Bu şəraitdə Azərbaycan ziyalılarının narahatlığı haqlıdır və təqdirəlayiqdir. Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və şübhəsiz ki, bütün azərbaycanlıları, bütün Azərbaycan vətəndaşlarını hədsiz dərəcədə sevindirir.Eyni zamanda, bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər layiqli töhfəsini verməlidir”...Ulu öndər belə bir partiyanın yaranmasına razılıq vermişdi. Həmin vaxt Azərbaycanda hakimiyyətdə olan AXC–Müsavat rəhbərliyi Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə icazə vermədiyi üçün 550 nəfər adam burdan Naxçıvan Muxtar Respublikasına getmişdi.Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları yaradılmışdır.

1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı.1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. “Əsrin müqaviləsi” imzalandı, Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.Ulu Öndər partiyanın uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən görürdü. O, müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atacağından əmin idi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev partiyanın yaradılmasının onuncu ildönümü ilə bağlı tədbirdə demişdir: “Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”.Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük siyasi gücə çevrilmişdir.Azərbaycan Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyev partiyanın keçdiyi tarixi yoldan danışarkən bu məqamlara toxunaraq deyib: “Partiyanın çox böyük tarixi var, partiya Ulu Öndər Heydər Əliyev tərəfindən çox çətin, ağır şəraitdə yaradılmışdır. Ondan sonra partiyanın bütün fəaliyyəti Azərbaycan xalqına xidmətdən ibarət olmuşdur. Bizim partiyamız müxalifətdə yaranmışdır. Yəni biz ilk fəaliyyətimizə müxalifət partiyası olaraq başlamışıq. Ancaq buna baxmayaraq, Azərbaycanın qarşısında duran bütün çətin vəzifələrin həlli işində bizim partiyamız çox fəal iştirak edib. Bu, bir daha onu göstərir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyini möhkəmləndirən və Azərbaycan dövlətçiliyini ən uca tutan partiyadır”.Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Çünki müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü – qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Ulu Öndərin siyasi mirası olan YAP ötən 30 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçmiş, siyasi ləyaqət etalonu yaratmışdır. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, çox mühüm tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atmışdır. Bu gün sıralarında 800 mindən çox vətəndaşı, cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən partiyamızın bütün seçkilərdə möhtəşəm qələbə qazanaraq, sözün əsl mənasında, qələbələr partiyasına çevrilməsi də bu reallığın təsdiqidir. Azərbaycan Prezidenti, partiyamızın Sədri İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib”.Öz sıralarında Azərbaycan cəmiyyətinin demək olar ki, bütün təbəqələrindən olan, sağlam düşüncəli və möhkəm əqidəli insanları birləşdirən Yeni Azərbaycan Partiyasının fəaliyyətinin səmərəliliyini təmin edən mühüm strateji amillərdən biri partiyanın mütəmadi olaraq struktur və təşkilati nöqteyi-nəzərdən yenilənməsi, islahatlar çərçivəsində təkmilləşməsidir. Xüsusilə də partiyanın qurultaylarında qəbul edilən qərarlar YAP-ın fəaliyyətində yeni keyfiyyət dəyişikliklərini təmin edən çox mühüm amildir. Xüsusi vurğulamaq gərəkdir ki, cənab İlham Əliyevin 1999-cü ildə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildə Sədrin birinci müavini, 2005-ci ildə isə Sədr seçilməsindən sonra partiyanın fəaliyyətində yeni mərhələ başlanmışdır. Yeri gəlmişkən, Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə “Sizi əmin edirəm ki, həmİlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”, – deyə bildirmişdi. Zaman Ümummilli Liderin inamının, xalqın böyük etimadının özünü tam doğrultmasına şahidlik etdi. Cənab İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmiz və partiyamız yeni tarixi nailiyyətlərə imza atdı və bu proses hazırda uğurla – yüksələn xətt üzrə davam edir.Bunlarla yanaşı, Mehriban xanım Əliyevanın partiyanın 2013-cü ildə keçirilmiş V qurultayında YAP Sədrinin müavini, 2021-ci il mart ayının 5-də baş tutmuş VII qurultayında isə YAP Sədrinin birinci müavini təyin olunması partiyamız və bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, YAP-ın və dövlətimizin daha da güclənməsinə xidmət edən mötəbər hadisədir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın milli inkişafa xidmət edən çoxşaxəli fəaliyyətinin mühüm tərəflərindən birini Yeni Azərbaycan Partiyasının Sədrinin müavini statusunda gördüyü işlər təşkil edir. Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli həmrəyliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, Böyük qayıdışın yüksək səviyyədə həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib. Təbii ki, hakim və alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının da bu istiqamətdə üzərinə mühüm vəzifə və məsuliyyət düşür.Xüsusi vurğulamaq gərəkdir ki, tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda YAP-ın 2021-ci ilin martın 5-də baş tutmuş VII qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Qurultayda partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş, eləcə də yuxarıda bəhs olunan strateji prioritetlərdən irəli gələn vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə yeni imkanlar, dayanıqlı, etibarlı və möhkəm zəmin yaradacaqdır. Əminliklə söyləmək olar ki, Yeni Azərbaycan Partiyası yeni reallıqlar, həmçinin dövlətin qətiyyətli siyasəti, xalqın sarsılmaz həmrəyliyi fonunda öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına və strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verəcəkdir!