YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan söz və güc sahibidir

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci il tarixində Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən böyük qürur hissi ilə bildirdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Bu çağırış hər bir vətəndaşın qəlbində əbədilik qaldı. Qısa müddətdə Şuşaya yeni həyat bəxş ediləcəyini bildirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşa yenilənir, abadlaşır, əvvəlki görkəmindən də gözəl siması ilə qonaqlarını heyran edir. İki ildə digər işğaldan azad edilmiş torpaqlarımızda olduğu kimi, Şuşada da genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bu işlərin güc mərkəzi, başlıca amili ölkə daxilindəki həmrəylik, milli birlik, xalqımızın vahid amal uğrunda birləşməsidir.

Zəfər Günü münasibətilə Şuşada təşkil edilən tədbirdə hərbçilər qarşısında çıxış edən dövlət başçısı İlham Əliyev “Müharibədən keçən iki il ərzində biz öz siyasətimizi davam etdirmişik” söyləyərək bildirdi ki, iki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur və quracağıq. Eyni zamanda, Ordumuzu gücləndiririk və gücləndirəcəyik. Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir: “Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik. Əgər biz kimdənsə qorxsaydıq, heç vaxt İkinci Qarabağ müharibəsinə start verməzdik. Biz hər birimiz ölümə gedirdik, öldü var, döndü yoxdur, ya azadlıq, ya ölüm! İndi də ölümə getməyə hazırıq öz haqlarımızı tələb edərək. Çünki hələ də, - müharibə iki il bundan əvvəl başa çatsa da, - narahatedici məqamlar var və erməni xalqına müraciət edib sözümü demək istəyirəm.”

Dövlət başçısı onu da qeyd etdi ki, ermənilər otuz ilin işğalının acılarını indi görürlər. Biz, sadəcə olaraq, onlara cavab vermişik. Biz öz torpağımızda vuruşmuş, işğalçını torpaqlarımızdan qovmuşuq. Onlar bunu anlamalıdırlar ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Azərbaycan burada əsas söz, güc sahibidir. Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərdi: “Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz.”

Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanması təklifini edib. Əksər dünya gücləri Azərbaycanın bu addımını təqdir edir, bu hədəfin reallığa çevrilməsi üçün dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Ermənistan hələ də tərəddüdlər içərisində olduğunu açıq-aydın şəkildə büruzə verir. Azərbaycanın təklif etdiyi sülh təklifində beynəlxalq hüququn 5 əsas prinsipi öz əksini tapıb. Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü əsasında keçirilən Brüssel görüşlərində 5 prinsip Ermənistan tərəfindən dəstəkləndi. Tərəflər biri-birinin ərazi bütövlüyünü dəstəklədiyini təsdiqlədi. Növbəti görüşlərdə iki ölkənin xarici işlər nazirlərinin sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlamasının vacibliyi vurğulandı və artıq bu görüş keçirilib.

Göründüyü kimi, Azərbaycan münasibətlərdə yeni səhifənin açılmasında maraqlıdır.  Günümüzün əsas çağırışı isə budur ki, Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır.

Azərbaycan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasını atdığı  addımları ilə təsdiqləyir. “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır” bəyan edən dövlət başçısı İlham Əliyev Ermənistana bir daha bu çağırışı etdi: “Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər.”

DİGƏR Xəbərlər Arxiv