YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxış edən Prezident İlham Əliyev iki il öncə xalqımızın möhtəşəm qələbəsi ilə yekunlaşan Vətən müharibəsini geniş təhlil etdi, Azərbaycan həqiqətlərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı, həmçinin ölkəmizə qarşı olan müəyyən dairələrə sərt xəbərdarlıq verdi.

Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad etməklə Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarix yazdığını qeyd edən ölkə başçısı bu şanlı tarixin əbədi olacağını və Azərbaycan xalqının, gələcək nəsillərin şanlı Qələbəmiz ilə fəxr edəcəklərlərini bildirdi. Qarabağın tacı olan Şuşanı işğaldan azad etmək müharibənin son məqsədi idi. Çünki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Məhz Şuşanın işğaldan azad olunması müharibənin taleyini həll etdi. Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedir, 44 gün ərzində bir gün də geri addım atmadan dağlardan, meşələrdən, dərələrdən, cığırlardan uzun məsafə qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşdı. Qəhrəman əsgər və zabitlərimiz sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovdular və üçrəngli bayrağımızı Şuşada qaldırdılar. Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir.

Azərbaycan əsgər və zabitlərinin şücaətindən bəhs edən Müzəffər Ali Baş Komandan vurğuladı ki, hərbçilərimiz ölümə gedirdilər, “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər, bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Ermənistan ordusunda  isə 10 mindən çox fərari olmuşdur. Azərbaycanın Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin səbəbləri haqqında danışan Prezident İlham Əliyev bildirdi ki, o vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər, hakimiyyət uğrunda mübarizə aparmışdılar, hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər. Şuşa və Laçın işğala məruz qalandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. Onlar bu faciə üzərində, tökülən bu qan üzərində, milli rəzalət üzərində hakimiyyətə gəldilər və hakimiyyətdə qaldıqları bir il ərzində ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinə start verdilər, öz əsgərlərini əsir götürdülər. Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular. Hakimiyyəti möhkəmləndirmək üçün bütün səylərini səfərbər etmişdilər. Belə olan halda, Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi. Çünki antimilli hakimiyyət müharibədə qələbə qazana bilməz.

İşğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların havadarlarının media resursları bir fikri bütün dünyaya, eyni zamanda, Azərbaycan xalqına bildirməyə çalışırdı ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz. Lakin Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yolun bir çox istiqamətlərdən keçdiyini bildirən Prezident cənab İlham Əliyev güclü iqtisadiyyatın olmasını ən əsas şərt kimi diqqətə çatdırdı. Müstəqillik əldə edəndə Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınmış və ölkədə güclü iqtisadiyyat yaradılmışdır. Bu gün dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar da onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Ağır müharibədən çıxmış ölkəmiz azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir.

Şuşada Zəfər Günü münasibətilə təşkil olunan tədbirdə çıxış edən Prezident İlham Əliyev ölkəmizin beynəlxalq müstəvidə çox fəal iş aparmasına, eyni zamanda, bir çox ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələri yaratdığına da diqqət çəkdi. Aparılmış uğurlu xarici siyasət nəticəsində ölkəmiz çoxlu dostlar qazanmış, eyni zamanda, Qarabağ həqiqətləri, erməni işğalı ilə bağlı həqiqətlər dünya birliyinə çatdırılmışdır. Vətən müharibəsinə qədərki dövrdə BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi aparıcı beynəlxalq təşkilatlar ölkəmizin mövqeyini dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişlər. Bütün bunlar Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin olmuşdur. 44 gün ərzində müharibə ilə bağlı beynəlxalq yanaşmanın müsbət olduğunu qeyd edən Prezident İlham Əliyev bəzi ermənipərəst və Ermənistanla yaxın əlaqələrdə olan ölkələrin Azərbaycana qarşı bəzi siyasi addımlar atmağa çalışdıqlarını xatırlatdı. Lakin bu cəhdlər heç bir səmərə vermədi.

Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev Vətən müharibəsində ölkəmizin parlaq Zəfərinin əsasını təşkil edən digər bir amilin isə milli həmrəylik, xalq-iqtidar birliyi olduğunu öz çıxışında qeyd etdi. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda yekdil birlik nünayiş etdirdilər. Bu məsələdə vətənpərvərlik, gənclərin vətənpərvər ruhda yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. İkinci Qarabağ müharibəsi göstərdi ki, Azərbaycan gəncləri vətənpərvərdir, Vətənə bağlıdır. Azərbaycan gənclərinin vətənpərvər ruhda tərbiyə edilməsində Prezident İlham Əliyevin çox mühüm rolu və fəal siyasəti olmuşdur. Ümumiyyətlə, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biridir və daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi, bütün bunlar ölkəmizdə aparılan dövlət siyasətinin əsas nəticəsidir.

Hazırda Azərbaycanın regionda və dünyada əsas söz sahiblərindən olduğunu diqqət çəkən ölkə başçısı bildirdi ki, bunun üçün müasir dünyanın və bölgənin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir. Azərbaycanın  təşəbbüsü ilə icra edilən layihələr bu gün həm ölkəmizə, həm də tərəfdaşlarımıza böyük həcmdə fayda gətirir. Ölkəmizin təşəbbüsü ilə nəqliyyat və enerji layihələrində iştirak edən ölkələrin sayı artıq onlarladır. Məhz bu layihələr ölkəmizə əlavə maliyyə imkanı yaratdı və bu maliyyə imkanları hərbi potensialın gücləndirilməsinə yönəldildi.

Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışı zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ermənistanın 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmədiyini, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmadığını, Zəngəzur dəhlizinin kordinatlarını hələ də təqdim etmədiyini, ölkəmizə qarşı vaxtaşırı hərbi təxribatlar törətdiyini açıq formada bəyan etdi. Bu fikirləri qeyd edərək ölkə başçısı Ermənistana sərt xəbərdarlıqlar da verdi. İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhəddindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Cari ilin 13-14 sentyabr hadisələrini xatırladan  ölkə başçısı bu hadisələrin elə-belə baş vermədiyini bildirdi. Təbii ki, Ermənistan ölkəmizə qarşı növbəti hərbi təxribat törətmiş, Azərbaycanın cavabı isə çox təsirli olmuşdur. Prezident İlham Əliyev Ermənistanı öz öhdəliklərini qeyd-şərtsiz yerinə yetirməyə çağırdı. Məhz Zəngəzur dəhlizi də Ermənistanın öhdəliyidir. Ermənistan öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçməsinə baxmayaraq, Ermənistan bu öhdəliyi yerinə yetirməkdən yayınır. Azərbaycanın ədalətli sülh istədiyini bildirən Prezident İlham Əliyev müharibə bitdikdən sonra, iki il ərzində Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işlərinin görüldüyünə diqqət çəkdi. Ölkə başçısı eyni zamanda, Azərbaycanın öz Ordusunu gücləndirdiyini və gələcəkdə də gücləndirəcəyini bəyan etdi. Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir. Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik. Erməni xalqı obyektiv həqiqəti anlamalıdır ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Odur ki, Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü, beynəlxalq hüquqa əsaslan şərtləri qəbul etməli və bu şərtlər əsasında sülh müqaviləsinin imzalanmasına çalışmalıdır.