YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qürur mənbəyimiz

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Böyük tarixi keçmişi olan, ərazisində bugündək qüdrətli dövlətlərin mövcud olduğu və hazırda Cənubi Qafqazın lider dövləti olan odlar yurdu Azərbaycanın dövlət rəmzlərindən biri də üçrəngli bayrağımızdır. Bildiyimiz kimi Dövlət bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının işğalından sonra Azərbaycan Parlamentinin binası üzərindən endirilmişdir. Həmin bayraq bir də 70 ildən sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummili liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Beləliklə də Azərbaycanın üçrəngli bayrağı rəsmi olaraq Naxçıvan Ali Sovetinin binası üzərində dalğalanmağa başlamışdır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. Azərbaycan Respublikası Ali Soveti həmin vəsatət əsasında 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul etmiş, bununla da üçrəngli bayrağımız ölkə səviyyəsində xalqımızın istiqlal rəmzi kimi rəsmən təsdiqlənmişdir. Prezident, Partiyamızın Sədri İlham Əliyevin  2009-cu il noyabrın 17-də imzaladığı digər bir Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilmişdir. Bu da təbii ki, dövlət başçısının dövlətimizin rəmzlərinə göstərdiyi xüsusi diqqətin bariz nümunələrindən biridir.

Azərbaycan demokratik və hüquqi dövlətdir. Ölkəmizdə qanunun aliliyi, insan və vətəndaşların hüquq və azadlıqları layiqincə təmin edilir. Azərbaycan Respublikasının dövlət bayrağından istifadə də Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı meydanının yaradılması barədə sərəncam imzalayıb.

2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı meydanının açılış mərasimi keçirilib.

Bayraq Meydanının ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Haqq savaşında-Vətən müharibəsində ərazilərimizi erməni işğalından addım-addım, qarış-qarış azad edib, üçrəngli bayrağımızı bu bayrağa illərdir həsrət qalmış doğma torpaqlarımızda dalğalandırdı. Bugün bizim qürur mənbəyimiz olan bayrağımız doğma Qarabağda, Şuşada, azad olunan digər dədə-baba yurdumuzda dalğalanır.  Biz güclü xalqın güclü nümayəndələri kimi iftixar hissi keçirir və qürurla söyləyə bilirik ki, ən böyük tarixi yazıb, Zəfər Gününü əcdadlarımızın qədim yurdu olan əzəli torpaqlarımızda qeyd edərək, şanlı bayrağımızı zirvəyə qaldırmış müzəffər xalq kimi əbədi Qələbə qazanmışıq. Uca Yaradandan arzumuz budur ki,  qoy hər zaman himnimiz beynəlxalq kürsülərdə səslənsin, şanlı  bayrağımız yüksəklərdə dalğalansın.

DİGƏR Xəbərlər Arxiv