YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırır

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Dünyanın ən nüfuzlu təşkilatlarından olan Ərəb Dövlətləri Liqası tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu təşkilatın Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində keçirilən 31-ci Zirvə toplantısına mötəbər qonaq qismində dəvət olunması Azərbaycanın dünyada artan böyük nüfuzunun nümunəsidir.  Ölkə başçımızın Zirvə toplantısındakı qətiyyətli çıxışı, Azərbaycan dövlətinin beynəlxalq aləmdə qazandığı nüfuzu, eləcə də  Ermənistanın 30 ilə yaxın Azərbaycana qarşı  işğalçılıq siyasəti  haqqında məlumatı iştirakçı dövlətlər tərəfindən rəğbətlə qarşılandı.

Cənab İlham Əliyevin bu Zirvə toplantısına dəvət edilməsi bu təşkilatın Azərbaycan dövlətini dost və qardaş ölkə hesab etməsinin nümunəsidir. Ölkə başçımız Fransa dövlətinin Əlcəzair xalqına qarşı 100 ildən çox bir müddət ərzində dəhşətli müharibə apardığını və bu müharibədə 1,5 mln. əlcəzairlinin qətlə yetirildiyini xatırlatdı. Bu gün də Fransa dövləti özü kimi işğalçılıq siyasəti aparan, azərbaycanlılara qarşı soyqırım törədən Ermənistanı müdafiə edir və onun işğalçılıq siyasətini dəstəkləməkdə davam edir. Ermənistan rəhbərliyi və Fransa Prezidenti anlamalıdırlar ki, Azərbaycan istər siyasi, istərsə də iqtisadi cəhətdən güclü və dünyada nüfuz sahibi olan ölkədir. Eləcə də Azərbaycanın İlham Əliyev kimi güclü lideri var. Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkən bir dövlət olub. Ermənistan 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayıb. Bu illər ərzində Azərbaycan hər zaman ərəb qardaşlığını, İslam Həmrəylik Təşkilatının dəstəyini hiss edib. Azərbaycan bütün beynəlxalq tədbirlərdə müsəlman qardaşlığına öz töhfəsini göstərib. 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilmiş, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bütün bunlar Azərbaycanın İslam dininə, islam həmrəyliyinə verdiyi böyük qiymətin nümunəsidir.

Azərbaycan 2019-cu ildən BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan və 120 dövləti özündə birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edir. Təşkilatın üzv dövlətlərinin yekdil səsi ilə Azərbaycanın bu quruma sədr seçilməsi ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuza sahib olmasından xəbər verir. Ölkəmizın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilatın dünya siyasətinə təsiri artmışdır. Azərbaycanın yüksək səviyyədə sədrlik missiyasını dəyərləndirən üzv dövlətlərin yekdil qərarı ilə ölkəmizin sədrliyi 2023-cü ilin sonuna qədər uzadılmışdır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çətin bir vaxta, COVİD-19 dövrünə təsadüf etdi. Ölkəmiz koronovirusla bağlı 80 ölkəyə maliyyə və humanitar yardım göstərmişdir. Azərbaycan 2020-ci ilin dekabrında keçirilmiş və COVİD-19 ilə mübarizəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasının təşəbbüskarı olub. Bu sessiyanın çağırılmasının əsas məqsədi ehtiyacı olan dövlətlərə, vaksin əldə edə bilməyən ölkələrə dəstək olmaq idi. Azərbaycan vaksin millətçiliyinə qarşı, peyvəndlərin ədalətsiz bölgüsünə qarşı öz səsini ucaldan ilk dövlətlərdən oldu.

2020-ci ildə Azərbaycan Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarını işğaldan azad etdi.  Beynəlxalq təşkilatların bütün qərar və qətnamələrinə baxmayaraq Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamışdır. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək erməni işğalına son qoydu. Prezident İlham Əliyev beynəlxalq aləmdə ikili standartların mövcud olması barədə də fikirlərini bildirdi. Bəzən BMT TŞ- nın qəbul etdiyi qətnamələrin icrasına bir neçə gündən sonra başlanır, Azərbaycana gəldikdə isə 4 qətnamı 30 ilə yaxın kağız üzərində qalır.  Bu qətnamələri yerinə yetirmədiyinə görə heç bir beynəlxalq təşkilat Ermənistana nə təzyiq, nə də sanksiya tətbiq etmədi. İşğal dövründə Ermənistan bütün şəhər və kəndlərimizi yerlə yeksan etmişdir, 67 məsciddən 65- ni tamamilə dağıtmışdır. Azərbaycan işğaldan azad edilmiş kənd və şəhərlərimizi yenidən qurur. Özü də öz gücü hesabına. Heç bir donor təşkilat ölkəmizə yardım göstərməyib. Prezident İlham Əliyev daha bir mötəbər beynəlxalq təşkilatda Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdı.