YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

30 il ədalət gözlədik, amma...

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqları  ədalət və beynəlxalq hüquq anlayışlarına hansı prizmadan yanaşıldığına aydınlıq gətirir. Rəsmi Bakı daim ən yüksək tribunalardan bəyan edir ki, beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlərə eyni şəkildə tətbiq edilməli, vahid mexanizm müəyyənləşdirilməlidir.  Beynəlxalq səviyyədə tanınan ərazilərimizdən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapıb. Lakin əfsuslar olsun ki, bu qətnamələr 30 il  icrasını gözlədi. Təbii ki, əgər ədalət meyarı qorunsa, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilsə və bunun üçün bütün dövlətlərə eyni şəkildə tətbiq olunacaq vahid mexanizm müəyyənləşdirilsə  bu halda  münaqişəli məsələlər də  zamanında öz həllini tapar. Qarabağ münaqişəsinin 30 il dünyadan ədalət gözləyərək  sonda BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edilərək güc yolu ilə həllini tapması da  ikili standartlara əsaslanan siyasətin göstəricisidir.  

Azərbaycan Ordusu dövlət başçısının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində 44 gündə işğala son qoydu, 28 ildən artıq icrasını gözləyən BMT qətnamələrini təkbaşına icra etdi, haqq, ədalət bərpa olundu. Azərbaycan hər zaman Ermənistana və ona havadarlıq edən dövlətlərə reallıqlarla barışmağa, sülhə, təhlükəsizliyə töhfələr verməyə çağırışlar edir. Dövlət başçısı İlham Əliyev  bildirir ki, dünya xalqlarının üzləşdiyi problemlərin həlli üçün beynəlxalq hüquqa hörmət, siyasi müstəvidə yer alan aktual məsələlərə ədalət prinsipləri baxımından yanaşılması daha vacibdir.

Bu günlərdə Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Qoşulmama Hərəkatının sədri kimi iştirak edən dövlət başçısı İlham Əliyev çıxışında ikili standartların yolverilməz olduğunu bəyan edərək bildirdi ki, ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır.

Onu da qeyd edək ki, beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynayan, davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsi istiqamətində fəaliyyətini gücləndirən Qoşulmama Hərəkatı dünyanın nizamını pozan terrorçuluğa, milli və ərazi münaqişələrinin alovlanmasına qarşı mübarizədə BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir,  onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir.

Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında cənab İlham Əliyev  “Sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak edirəm, lakin, eyni zamanda, bizim Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətlərimiz var. Əminəm ki, yaxın gələcəkdə də bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq” fikirləri ilə bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması ilə yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açılacağını bildirir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması günümüzün əsas məsələsidir və bu prosesə dəstəklərini ifadə edən dövlətlərə konkret addımların atılmasına çağırış edilir.

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır. 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və  bütün üzv dövlətlərin yekdil qərarı  ilə seçilib.  Bu, Azərbaycanın  mövqeyinə və siyasətinə yüksək  dəstəyin və rəğbətin nümayişidir. Ölkəmizin quruma  sədrliyi  üzvlərin  yekdil qərarı ilə bir daha  2023-cü ilin sonuna qədər uzadıldı.

Atılan hər bir addım Azərbaycanın regionda və dünyada möhkəmlənən mövqeyinin, artan nüfuzunun göstəricisidir. Təbii ki, bu da dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Real faktlara əsaslanan təbliğat, ən əsası müstəqil siyasət ölkəmizə davamlı uğurlar qazandırır. Gələn ilin martında Qoşulmama Hərəkatının Sammitinin keçiriləcəyinin nəzərdə tutulduğunu önə çəkən dövlət başçısı İlham Əliyev  Ərəb Dövlətləri Liqasına üzv olan dövlət və hökumət başçılarını həmin Sammitdə iştirak etməyə dəvət etdi. Bu dəvət bir daha dostluğun, qardaşlığın təqdimatı oldu.

DİGƏR Xəbərlər Arxiv