YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bölgədə etimad quruculuğu günümüzün əsas çağırışıdır

Nihad Pənahov

Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri   

Dövlətlərarası münasibətlərdə etimadın rolu inkaredilməzdir. 30 illik işğal dövründə bunun daha aydın ifadəsini gördük. Bu baxımdan ki, əksər dünya gücləri sözdə, bəyanatlarında Azərbaycanın mövqeyini müdafiə etdiklərini, münaqişənin sülh yolu ilə həllində maraqlı olub buna dəstək göstərməyə hazır olduqlarını bildirsələr də konkret addım atmaq zamanı gələndə susmağa üstünlük verir, Ermənistanın təxribatlarına, danışıqlar posesindən müxtəlif bəhanələrlə yayınmasına göz yummağı çıxış yolu hesab etdilər. Bu görməzdən gəlmələrin arxasında maraqların fonunda işğalçı dövlətə dəstəklər dayanırdı. Belə olan təqdirdə hansısa inamdan, etimaddan danışmaq real görünə bilərdimi? Məhz bu inamsızlıq, etimad mühitinin olmaması ədalət və beynəlxalq hüquq anlayışlarının yoxluğu baradə təsəvvürlərin yaranmasına gətirib çıxarırdı. Hər zaman bu prinsiplərdən bəhs edərkən Azərbaycanın dünyaya ədalət və beynəlxalq hüquq çağırışları ilə yanaşı, Ermənistanın baş nazirinin  bu anlayışlardan xəbərsizliyini yada salmaya bilmirik. Nikol Paşinyan əksər dünya güclərinin ölkəsinə olan qayğının sayəsində beynəlxalq hüququn mövcudluğunu inkar etdi. 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi bir dövrdə belə yanaşmanı müsahibələrində auditoriyaya çatdıran Nikol Paşinyan açıq-aşkar Ermənistanın 30 ildə bu anlayışların varlığını belə dərk etməsi üçün dünya güclərindən heç bir təzyiqi görmədiklərini təsdiqlədi. Amma Azərbaycan Ermənistana ədalətin və beynəlxalq hüququn mövcudluğunu heç zaman unuda bilməcəyi dərsi verməklə  sübut etdi.   

Artıq postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. Günümüzün əsas müzakirə mövzusu bölgədə etimad mühitinin yaradılması, dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan tərəfi istər 44 günlük Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə qarşı tərəfə təkmil sülh təklifini edib. Müharibənin getdiyi dövrlərdə Ermənistanın razılığa gəlməməsinin sonda hansı dərsi alması ilə nəticələndiyi məlumdur. Tarixi Zəfərimizdən ötən iki ildə  işğalçı dövlət yenə də tərəddüdləri ilə diqqətdən kənarda qalmır. Azərbaycan tərəfinin irəli sürdüyü sülh təklifi beynəlxalq  hüququn norma və prinsiplərinə əsaslanır. Ermənistan baxmayaraq keçirilən görüşlərdə, yekun nəticə olaraq imzalanan bəyanatda  sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu bildirir, reallıqda tamamilə fərqli yanaşma müşahidə olunur.

Oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçi şəhərində Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüş də sülh müqaviləsinin imzalanması istiqamətində növbəti addım kimi dəyərləndirilir. Soçi bəyanatında da Azərbaycanın irəli sürdüyü 5 prinsip dəstəklənərək Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu. O da bildirilir ki, münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır.

Bəyanatda yer alan əsas müddəalardan biri də budur ki,  Rusiyanın köməyi ilə Azərbaycan ilə Ermənistan arasında ictimaiyyətin və ekspert birliklərinin nümayəndələrinin,  eləcə də dini liderlərin arasında dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət ab-havanın formalaşdırılması vacibdir. Bu müddəa bir daha dövlətlərarası münasibətdə etimadın rolunu daha da aktuallaşdırır. Etimad, inam olmadan münasibətlərin qurulması, ən əsası yaradılan birlik formatının gələcəyindən danışmaq mümkün deyil. Dövlət başçısı İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə Qarabağ münaqişəsinin  artıq tarixdə qaldığını bildirərək vurğuladı ki,  buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır. 

Göründüyü kimi, hər bir görüş günümüzün əsas çağırışlarının müzakirəsinə və birgə fəaliyyətə yol açır ki, bu da öz növbəsində sülh müqaviləsinin imzalanmasını yaxınlaşdırır.