YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Gənclərimiz öz biliyi, vətənpərvərliyi ilə Azərbaycanı dünyada layiqli təmsil etmək imkanlarına malikdir

«Bu gün dünyada böyük inteqrasiya prosesləri gedir və Azərbaycan sürətlə dünya birliyinə inteqrasiya olunur. Azərbaycan gəncləri xaricdə təhsil alırlar, işləyirlər, elmi simpoziularda, konfranslarda  iştirak edirlər. Gənclər Azərbaycanı dünyada layiqincə təmsil etməlidirlər». Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmmədov YAP Gənclər Birliyinin mayın 16-da keçirilən IV konfransında çıxışı zamanı deyib.

Əli Əhmədov bildirib ki, gənclərimiz öz biliyi, vətənpərvərliyi ilə Azərbaycanı dünyada layiqli təmsil etmək və ölkəmizin adını yüksəklərə qaldırmaq imkanlarına malikdir. Onun sözlərinə görə, gənclər vətəni sevməli, vətənə qarşı çıxanlarla barışmaz mübarizə aparmalıdırlar. «Eyni zamanda, gənclər öz davranışları ilə həm Azərbaycanın uğurlarının artmasına kömək etməli, həm də, imicinin dünyada daha da yüksəlməsinə öz töhfələrini verməlidirlər. Həqiqi vətənpərvər o insan, o gənc ola bilər ki, onun əsas qürur mənbəyi öz milləti, öz vətəni, öz dövləti olsun. Belə olan halda, hər bir gənc əsl vətənpərvər olacaq. Belə vətənpərvərlərin yaşadığı ölkəyə kimsə təcavüz, təzyiqlər edə bilməz. Onlar anlayacaqlar ki, o ölkənin vətəndaşları hər bir təzyiqə qarşı duracaqlar»- deyə, YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədov qeyd edib ki, gənclik dövründə formalaşan xarakter və mənəvi keyfiyyətlər insanın bütövlükdə gələcək taleyini müəyyənləşdirir. Onun sözlərinə görə, gənclər Heydər Əliyev ideyalarına, Azərbaycan Prezidentinə, YAP-a sadiq olmalı, fədakar, mübariz insan kimi formalaşmalıdırlar. «Sədaqət, fədakarlıq, mübarizlik keyfiyyətlərinə sahib olsanız bu keyfiyyətlər bütün ömrü boyu sizi müşaiyət edəcək və uğurlar qazanmanıza ciddi əsaslar yaradacaq. Gənclər dərin biliklərə yiyələnməli, müasir dünya görüşünə malik olmalıdırlar. Müasir dünyada insanı firəvan həyata aparan yeganə etibarlı yol dərin biliklər və savaddır. Ona görə də, YAP gənclərindən gözləntilərimiz dərin biliklərə sahib olmalarıdır. Onlar məhz bu biliklər əsasında Azərbaycanın gələcək taleyində iştirak edən layiqli vətəndaşlar kimi ölkəmizə xidmət göstərə bilərlər»- deyə, Əli Əhmədov vurğulayıb.