YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Gədəbəy rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib

Oktyabrın 20-də Gədəbəy rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər. Sonra tədbir iştirakçıları Gədəbəy rayon Şəhidlər Xiyabanını ziyarət edib, Şəhid məzarlarının və Şəhidlərin xatirə Kompleksinin önünə gül dəstələri düzüblər.

Tədbir Heydər Əliyev Mərkəzində davam edib.

Azərbaycanın Dövlət Himni səsləndirilib, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və  müstəqilliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyasının 30 illik  fəaliyyətini özündə əks etdirən film nümayiş olunub.

Tədbirdə geniş məruzə ilə çıxış edən YAP Gədəbəy rayon təşkilatının  sədri Rüstəm Nağıyev  bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış partiyadır. Bu gün Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən güclü siyasi qüvvəsidir. O bildirib ki, Azərbaycan xalqı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və  Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasəti tam dəstəkləyir. Rüstəm Nağıyev Yeni Azərbaycan Partiyasının Ümummilli Liderin ideyaları əsasında və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza atdığını, zəngin və şərəfli inkişaf yolu keçdiyini diqqətə çatdırıb. 

Yeni  Azərbaycan Partiyası Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova  vurğulayıb ki, ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən 30 ildə böyük inkişaf yolu keçib. Partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edir. Ötən illərin xronologiyasına diqqət yetirdikdə Heydər Əliyev ideyalarına söykənən partiyamızın gücləndiyinin, nəinki ölkənin, hətta Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatına çevrildiyinin şahidi oluruq.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin  Kərimzadə  çıxışında ümummilli lider Heydər Əliyevin siyasi kursunu müasir dövrümüzün tələbləri əsasında davam etdirən partiyamızın Sədri, Prezident İlham Əliyevin Azərbaycana Zəfər bəxş etmiş Müzəffər Ali Baş Komandan olduğunu bildirib. O, partiyamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və qələbə yolunda əmin addımlarla irəlilədiyini söyləyib.

44 günlük Vətən müharibəsinin iştirakçısı, qazi Etibar Əliyev bildirib ki, tarixi  Zəfərimiz harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır: “Hər zaman Vətən üçün müsəlləh əsgər olmağımız bizim üçün ən böyük şərəf hissidir”.

Gədəbəy  Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov  Azərbaycanın bu gününü dünəni ilə müqayisə edərək Heydər Əliyev yolunun hər zaman ölkəmizə davamlı uğurlar qazandırdığını bildirib: “Artıq bu gün qalib Azərbaycandan danışırıq. Bu sevinci bizə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq”.

Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.