YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Füzuli şəhərinin azad edilməsi Ordumuza əlavə mənəvi güc verdi

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Oktyabrın 17-də xalqımız Füzuli rayonunun işğaldan azad edilməsinin ikinci ildönümünü qeyd edir. Bu qüruru, xoşbəxtliyi xalqımıza yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza minnətdarıq. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.

Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Zəngin infrastruktura və tarixi abidələrə malik olmuş Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd var idi. Rayon tarixi-dini abidələrlə də zəngin idi. Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri Ordumuz tərəfindən azad edildi. Əlbəttə ki, Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı, məharəti və fədakarlığı sayəsində mümkün oldu.

Ermənilərin 30 ildə bu ərazilərimizdə qurduqları istehkamlar onların torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq fikrində olmadıqlarının aydın təsəvvürünü yaratdı. Bu səbəbdən Ermənistan himayədarlarının dəstəyi ilə danışıqlar prosesinə imitasiya naminə qatılır, vaxt qazanmağa cəhdlər edirdilər. Onların yeni ərazilər uğrunda müharibə planları da danışıqlar prosesinin  uzanmasında  özünü qabarıq şəkildə büruzə verdi.

44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu bu istehkamları dağıtdı, hər günü tariximizə Qələbə səhifəsi kimi yazdı. Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edən Füzuli əməliyyatı ilə qədim yaşayış məskənimiz işğaldan azad olundu. Azərbaycan Ordusu döyüş meydanında xalqımızın qisasını aldı və həlak olanların qanı yerdə qalmadı.

Silahlı Qüvvələrimiz hansı imkanlara malik olduğunu, gücünü, qüdrətini hələ 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında nümayiş etdirmişdi. Ordumuzun peşəkarlığının artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi daim prioritet məsələ olub. “Dəmir yumruq” əməliyyatı Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinə verdiyi ən güclü, heç zaman unuda bilməyəcəkləri dərs oldu. Belə ki, Ordumuzun qarşısında qorxuya düşən Ermənistan silahlı qüvvələri son mərhələdə silahlarını yerə atıb qaçdı. Onu da qeyd edək ki, rəşadətli Ordumuzun İkinci Qarabağ müharibəsində erməni silahlı qüvvələrinin məhv etdiyi, yaxud qənimət kimi götürdüyü hərbi texnika, silah-sursat Qələbəmizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan Zəfər Paradında nümayiş etdirilməklə yanaşı, dövlət başçısının təşəbbüsü ilə Bakının Xətai rayonu ərazisində açıq səma altında yaradılan Hərbi Qənmətlər Parkında da ziyarətçilərə təqdim edilir.

Füzuli döyüşlərində Ordumuzun göstərdiyi şücaətə verilən yüksək önəmin təzahürü olaraq “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 25167 hərbi qulluqçumuz “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Hazırda işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzuli rayonu da bərpa və quruculuq dövrünü yaşayır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk gündən bu çağırışı etdi: “Böyük Qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik. Qarabağ Azərbaycandır!” Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərimizə ilk səfəri də Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə oldu. Prezident İlham Əliyev ötən ilin yanvarında Füzuliyə səfəri zamanı Füzuli-Şuşa yolunun, həmçinin Füzuli Beynəlxalq Hava Limanının təməlini qoydu. Qısa zamanda həm Zəfər yolu istifadəyə verildi, həm də Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. 8 aya tikintisi başa çatdırılan, müasir tələblərə cavab verən bu aeroport Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə səyləri nəticəsində həyata keçirildi. Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanı bu torpaqlara səfər edən qonaqlarımızın rahat gediş-gəlişini təmin edir.

Dövlət başçısı İlham Əliyevin ötən il 18 oktyabr tarixində Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirdiyi “Biz öz torpaqlarımızı azad etməli idik. Mən işğal dövründə bu məsələ ilə bağlı Azərbaycan xalqına dəfələrlə müraciət edərək və keçmiş köçkünlərlə görüşlər əsnasında deyirdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik. Onu da deyirdim ki, əgər lazım olsa, biz güc tətbiq etməklə öz torpaqlarımızı geri qaytaracağıq. Belə də oldu. Həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, bizim qabağımızda heç bir qüvvə dayana bilmədi. Biz Ermənistan ordusunu darmadağın etdik, erməni mifologiyasına son qoyduq, bütün dünyaya sübut etdik ki, “yenilməz Ermənistan ordusu” nəyə qadirdir və bütün dünyaya xalqımızın böyüklüyünü nümayiş etdirdik. Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır” fikirlər Zəfərə gedən yolun təhlili əsasında qarşıdakı dövrün hədəflərinə işıq salır.

DİGƏR Xəbərlər Arxiv