YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev - müasir dövrün Liderlik modelinin ən real gerçəkliyi

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Prezident İlham Əliyevin müstəqil Azərbaycan dövlətinin başçısı seçildiyi 2003-cü ilin 15 oktyabr tarixindən 19 il ötür. 19 il öncə - 2003-cü il 15 oktyabr seçkilərində xalqın mütləq əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev öz hakimiyyətinin başlanğıcı ilə həm də Heydər Əliyevlə inkişaf edən Azərbaycanın intibah dövrünün yeni mərhələsinin bünövrəsini qoydu. Məhz həmin seçkilərin nəticəsi olaraq, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevdən sonra hakimiyyətdə özünün inandığı, arxalandığı bir lideri - İlham Əliyevi görürdü.

Cənab İham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərində onun şəksiz qələbəsini təmin etdi. Bu taleyüklü seçkilər ərəfəsində xalq Ümummilli Liderin siyasi kursunun layiqli davamçısını özünün şəriksiz lideri kimi görürdü.

Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içdi və həmin gündən başlayaraq ölkədə mükəmməl bir sosial-iqtisadi inkişafa start verildi. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”,- deyən cənab İlham Əliyev ilk növbədə həmin sözün reallaşmasına nail oldu. Qısa müddət ərzində ölkənin yeni rəhbəri ümumxalq etimadı qazandı.

Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin sədrliyi ilə böyük inkişaf yolu keçib. Bu gün YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Bu gün isə sonsuz qürur hissi ilə qeyd edirik ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə möhkəm təməl üzərində yeni, təkmil islahatlar əsasında inkişaf edir. Bu, Yeni Azərbaycan Partiyasının kəmiyyət və keyfiyyət baxımından inkişafında da özünü aydın şəkildə göstərir. Ötən illərin xronologiyasına diqqət yetirdikdə Heydər Əliyev ideyalarına söykənən Yeni Azərbaycan Partiyasının nəinki ölkənin, hətta Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatına çevrilib.

Bu gün ümummilli liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi prioritetlər, dövlətçiliyimizin hərtərfli inkişaf konsepsiyası onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bunların sayəsində illərdir ki, ölkəmiz intibah və çiçəklənmə dövrünü yaşayır. 2003-cü ilin prezident seçkiləri ərəfəsində ulu öndər Heydər Əliyev sevimli xalqına etdiyi tarixi müraciətində əminliklə demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandan kimi qazandığı zəfər ölkəmizin çoxəsrlik tarixinin ən möhtəşəm hadisəsidir. Qalib Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə qəhrəman  Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində aparılmış Qarabağ müharibəsi dünya hərb tarixinin fərqli hadisəsidir. Bu, XXI əsrdə Vətən torpaqlarının işğalçılardan azad olunması uğrunda aparılan ədalətli müharibə nümunəsidir. Qarabağ müharibəsində ən yeni hərbi texnologiyaların bacarıqla tətbiq edilməsi ilə vətənpərvərlik ruhunun üzvi surətdə birləşdirilməsi hərb tarixinin yeni mərhələsinin canlı təzahürüdür. Qarabağda qazanılmış böyük tarixi zəfər Prezident İlham Əliyevin simasında qalib Ali Baş Komandan olmağın isbatıdır. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin simasında xalqımızın özünün qüdrətli lideri ilə ürəkdən fəxr etməsi və dərk olunmuş şəkildə iftixar hissi yaşaması danılmaz gerçəklikdir. Möhtərəm Prezidentimizin dünyada və ölkəmizdə sülh, əminamanlıq və inkişaf naminə həyata keçirəcəyi daha böyük gerçəkliklər hələ qabaqdadır. Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyada müasir dövrün Liderlik modelinin ən real gerçəkliyidir.