YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın uğur modeli

Anar Məmmədov

Milli Məclisin deputatı

Prezident İlham Əliyev artıq on doqquz ildir ki, müstəqil Azərbaycan Respublikasına rəhbərlik edir. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən İlham Əliyev ötən 19 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi Liderə çevrilib. Ötən 19 ilin reallıqları Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilmişdir.

2003-cü ildən başlayaraq, Prezident kimi fəaliyyət göstərən cənab İlham Əliyevin ilk atdığı addım ölkənin sosial iqtisadi inkişafı problemlərini həll etdi. Regionların sosial-iqtisadi inkişafı proqramının həlli ilə ölkənin iqtisadi qüdrətini gücləndirdi. Neft amilini insan amilinə çevirdi. Lakin ölkədə olan inkişafla yanaşı hər kəsin qəlbində, bütövlükdə insanların nisgili, torpaq itkisi mövcud idi. 28-30 il bu nisgil davam etdi. Prezidentimiz bu məsələdə özünün xilaskarlıq missiyasını ortaya qoydu. Diplomatik gedişlərlə, dünya diplomatik elminin həyata keçirilməsi yolu ilə, xalqla dövlətin birliyi, hərbimizin gücü, ölkənin iqtisadi qüdrəti nəticəsində güclənmiş ordumuz 44 gün ərzində 200 ildən artıq mövcud olan problemimizi həll etdi, 2020-ci il noyabrın 10-da dövlətimizin başçısının Ali Baş Ko­mandanlığı altında tarixi qələbə qazandı. Bununla da siyasətdə, diplomatiyada və hərbi strategiyada Prezident İlham Əliyevin adı bu zəfərin müəllifi kimi tarixə yazıldı. Təbii ki Qələbəyə gedən yol ulu öndər Heydər Əliyevin siyasi varisinə vəsiyyəti ilə başlamışdı. Ulu öndər 2003-cü ildə Azərbaycan xalqına müraciətində bu sözləri bildirirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim tale­yüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ümumiyyətlə, İlham Əliyevin 19 illik fəaliyyəti, yeni inkişaf modeli əsasında Azərbaycana davamlı uğurlar qazandırması  bu inamın, etimadın real həyatda təsdiqidir. 

2003–cü ildən hakimiyyətdə olan Prezident İlham Əliyev bu illər ərzində coğrafi cəhətdən kiçik Azərbaycanın regional, hətta beynəlxalq proseslərə təsir gücünə malik olan subyekt rolunda çıxış etməsinə nail olub. Təsadüfi deyil ki, xalqımız aparılan bu siyasi kursa bir daha öz dəstəyini verdi. Dörd il bundan əvvəl, 2018–ci il aprelin 11-də seçicilərin 86,02 faiz səsini toplayan İlham Əliyev inamlı qələbə qazanaraq yeddi il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçildi. 2003-cü ildən hakimiyyətdə olan Prezident İlham Əliyevə xalq tərəfindən verilən dəstək bir daha ölkəmizdə yaşından, peşəsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin dövlətin apardığı siyasi kursu dəstəklədiyinin göstəricisi idi. Deməli, Azərbaycan xalqı 2018–ci ildə bundan qabaqkı üç seçkilərdə olduğu kimi, yenə də İlham Əliyevə səs verərək güclü Azərbaycana səs vermiş oldu.

Ötən dövr Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşahidə olundu. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycanın milli maraqlarının qorunması dayandı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional və qlobal təşəbbüslər Azərbaycanın imicinin dünyada möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi.

Dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 19 il göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqın xilaskarı olmağı bacardı. Azərbaycan xalqı öz liderinə güvənib, ona ən güclü dayaq oldu. Bu müddətdə uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu, modern Azərbaycan dövləti modelidir. Bütün bunlar isə ölkəmizin gələcək inkişafının qarantı sayıla bilər.